AFFA FİFA prezidenti seçkisində dəstəklədiyi namizədi açıqlayıb

AFFA FİFA prezidenti seçkisində dəstəklədiyi namizədi açıqlayıb "Bu proqramla İnfantino dünya futbolunun yaxın illərdə inkişafı haqqında baxışlarını və ideyalarını bölüşüb"
Futbol
4 Fevral , 2016 15:34
AFFA FİFA prezidenti seçkisində dəstəklədiyi namizədi açıqlayıb

Bakı. 4 fevral. REPORT.AZ/ AFFA fevralın 26-da keçiriləcək FİFA prezidenti seçkisində UEFA-nın hazırkı baş katibi Canni İnfantinonu dəstəkləyəcək. "Report"un məlumatına görə, bu barədə milli assosiasiyanın yaydığı açıqlamada bildirilir. 

Qeyd olunur ki, C.İnfantino UEFA-da işlədiyi 15 il ərzində (6 il UEFA-nın baş katibi qismində) böyük təcrübə toplayıb və hazırda Avropa futbol ailəsinin ən nüfuzlu mütəxəssislərindən sayılır. Yanvarın 19-da o, seçkiqabağı proqramını ictimaiyyətə təqdim edib. Proqram 3 hissədən ibarətdir: İslahat və effektiv idarəetmə, Demokratiya və yardım, Futbolun inkişafı.

"Bu proqramla İnfantino dünya futbolunun yaxın illərdə inkişafı haqqında baxışlarını və ideyalarını bölüşüb. UEFA-nın üzvü olan milli assosiasiyaların əksəriyyəti, həmçinin başqa konfederasiyaları təmsil edən bəzi federasiyalar ona öz dəstəklərini bildiriblər. AFFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəklədiyini bəyan edir" deyə açıqlamada vurğulanır.

Qeyd edək ki, FİFA-nın Seçki Komissiyası prezident vəzifəsinə irəli sürülən 5 namizədi təsdiq edib.

Son xəbərlər

Orphus sistemi