Şahin Diniyev: "Qarabağ"ın qol sarıdan problemi var"

Şahin Diniyev: "Qarabağ"ın qol sarıdan problemi var" "Neftçi" və "Qarabağ" arasında matçlar son vaxtların ən yaxşı derbilərindən biridir"
Futbol
7 Fevral , 2022 13:24
Şahin Diniyev: Qarabağın qol sarıdan problemi var
Şahin Diniyev

"Qarabağ"ın qol sarıdan bir az problemi var".

Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev "Neftçi" və "Qarabağ" komandaları arasında bu gün keçiriləcək Azərbaycan Premyer Liqasının XV turunun mərkəzi qarşılaşması barədə danışarkən deyib.

56 yaşlı mütəxəssis prinsipial matçda ilk qolun önəmini xüsusi vurğulayıb: "Bu, həmişə oyunun təzyiqini artırır. Hazırda hər iki komandada səviyyəli, görüşün taleyini həll edə bilən futbolçular var. Düşünürəm ki, Ağdam təmsilçisinin orta xətti rəqibinə nisbətən üstündür. Bu da "Neftçi"nin müdafiəsində boşluqlar yaradır. Kim rəqibini yaxşı analiz edibsə və az səhvə yol versə, meydanı 3 xalla tərk edəcək".

O, qarşılaşmanın hər iki klub üçün çətin alınacağını bildirib: "Mövsümün ortasıdır, hər iki komanda hazırda ən yaxşı formasında deyil. Bu, onların kubok görüşlərində də görünürdü. Komandalarda problemlər var. Bugünkü matçda səhvlərdən istifadə edən tərəf istəyinə çatacaq. Mövsümün ilk yarısında "Qarabağ" rəqibi ilə oyunlarda tam favorit idi, "ağ-qaralar"ın oyunu alınmırdı. İndi isə hər iki komandada müəyyən problemlər var. Bu səbəbdən, şansları bərabər hesab edirəm. Məncə, az səhv edən qalib gələcək".

Azərbaycan millisinin sabiq baş məşqçisi "Qarabağ"ın mümkün qələbəsinin çempionun taleyinə vaxtından əvvəl aydınlıq gətirməyəcəyini söyləyib: "Hələ qarşıda 13 tur var. "Zirə", "Qəbələ" və "Sabah" komandaları güclənib. Bunlar hər iki komandadan xallar ala bilərlər. "Qarabağ" qalib gəlsə belə, çempionluğu həll etməyəcək".

Qeyd edək ki, "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Qarabağ" oyunu saat 19:00-da start götürəcək. Ağdam klubu 14 turdan sonra 33 xalla liderdir, son ölkə çempionu 22 xalla 3-4-cü yerləri bölüşdürür.

Son xəbərlər

Orphus sistemi