Bakı. 31 mart. REPORT.AZ/ Xorvatiya yığmasının futbolçusu Deyan Lovren komandadan qalmaqalla ayrılıb. "Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə Macarıstanla yoldaşlıq görüşü zamanı baş verib.
İngiltərə "Liverpul"unun müdafiəçisi ikinci hissədə isinmə hərəkətləri edilən əraziyə gedib. O, 20 dəqiqə məşq etdikdən sonra meydana çıxmayacağını görüb və texniki zonaya qayıtmayaraq birbaşa paltardəyişmə otağına yollanıb.
Yığmanın baş məşqçisi Ante Çaçiç 26 yaşlı müdafiəçinin bu hərəkətinə görə, AVRO-2016-dan kənarda qalacağını deyib : "Milli komandadan önəmli bir şey yoxdur. Bu cür davranışla itirən mən deyiləm. Lovren daha yığmanın üzvü deyil və Fransada olmayacaq".