Bakı. 29 iyul. REPORT.AZ/ Azərbaycanlı FİFA referisi Əliyar Ağayev daha bir beynəlxalq oyuna təyinat alıb. "Report"un məlumatına görə, gənc baş hakim Avropa Liqasında III təsnifat mərhələsinin "Vorskla" (Ukrayna) - "Jilina" (Slovakiya) matçını idarə edəcək.
Ona Zeynal Zeynalovla Rza Məmmədov yan xətt hakimləri, Rəhim Həsənov isə 4-cü hakim kimi yardımçı olacaq. Görüşün hakim-inspektoru almaniyalı Edqar Ştaynborn, UEFA nümayəndəsi isə finlandiyalı Markku Lehtoladır. Bu, Ə.Ağayev qitəmiqyaslı yarışlarda idarə edəcəyi ən yüksək səviyyəli oyundur.
Avqustun 6-da Aleksey Butovski adına "Vorskla" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Məhz UEFA-nın icazəsindən sonra qarşılaşmanın 25000 nəfərədək tamaşaçı tutumuna malik arenada təşkilinə icazə verilib. Avropa futbol qurumu ötən mövsüm Ukraynadakı siyasi vəziyyətlə əlaqədar Kiyev və Lvovdan başqa şəhərlərdə oyunların keçirilməsini qadağan etmişdi.