"Neftçi"nin yeni transferi: "Milliyə lazım olsam, məmnuniyyətlə oynayacağam"

"Neftçi"nin yeni transferi: "Milliyə lazım olsam, məmnuniyyətlə oynayacağam" "Bu komandaya keçdiyimə görə çox şadam".
Futbol
3 Fevral , 2022 21:05
Neftçinin yeni transferi: Milliyə lazım olsam,  məmnuniyyətlə oynayacağam

"Bu komandaya keçdiyimə görə çox şadam".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin yeni transferi Azər Əliyev klubun rəsmi televiziyasına müsahibəsində deyib.

28 yaşlı yarımmüdafiəçi bildirib ki, "ağ-qaralar" böyük tarixə malik klubdur: "Düşünürəm ki, istənilən azərbaycanlı futbolçu mənim yerimdə olmaq istəyərdi. Buna görə də var gücümlə çalışacağam ki, yeni nailiyyət və titullarla "Neftçi"də tarix yazım".

Təcrübəli oyunçu paytaxt klubu ilə Azərbaycan çempionu olmaq, kuboklar qazanmaq və avrokuboklarda uğurlu çıxış etmək istədiyini söyləyib: "İlk növbədə yeni komandamda çox yaxşı çıxış etmək niyyətindəyəm. Milli komandaya lazım olsam, böyük məmnuniyyətlə yığmanı təmsil edəcəyəm".

O, "Neftçi"yə keçidinin irəliyə addım olduğunu vurğulayıb: "Bu, təcrübə, yeni sınaqdır. Ona görə də təklifi hörmətlə qəbul etdim. Ümid edirəm ki, bir müddət sonra bunu təbəssüm və qürur hissi ilə xatırlayacağam. Əslində universal futbolçuyam. Həm hücumda, həm də müdafiədə oynaya bilirəm. Son vaxtlar arxa xətdə çıxış etdiyimi nəzərə alsaq, bu mövqedə daha yaxşı olduğumu demək olar. Bununla belə, irəlidə də yaxşı təsir bağışlayıram. Məşqçi hansı mövqedə desə, orada da çıxış edib komandama xeyir verməyə çalışacağam".

Əliyevin sözlərinə görə, komanda yoldaşlarından yalnız Emin Mahmudovla tanışlığı var: "Onunla əlaqə saxlayırıq. Son vaxtlar çox ünsiyyətdə olmuşuq. Çox yaxşı futbolçu, komandanın kapitanıdır. İnanıram ki, birlikdə yaxşı işlər görüb uğurlu nəticələr qazanacağıq".

Futbolçu sonda azarkeşlərə müraciət edib: "100 faiz əmin olsunlar ki, əlimdən gələnin ən yaxşısını edəcəyəm. Klubun ağ-qara rənglərinə sadiq qalacaq, fanatlarımızı maksimum dərəcədə sevindirəcəyəm. Ümidvaram ki, məni isti və sevgi ilə qəbul edəcəklər".

Qeyd edək ki, "Neftçi" ilə 3,5 illik müqavilə imzalamış Azər Əliyevin Azərbaycan millisinə cəlb olunması da gündəmdədir.

Son xəbərlər

Orphus sistemi