​Volkan Üst: "CBC Sport"un "Lig TV"dən irəlidə olduğunu görəcəksiniz" - MÜSAHİBƏ

​Volkan Üst: "CBC Sport"un "Lig TV"dən irəlidə olduğunu görəcəksiniz" - MÜSAHİBƏ "Ən böyük hədəfimiz Azərbaycan Premyer Liqasının başqa ölkələrdə də izlənməsidir"
Fərdi
25 Yanvar , 2016 16:47
​Volkan Üst: CBC Sportun Lig TVdən irəlidə olduğunu görəcəksiniz - MÜSAHİBƏ

Bakı. 25 yanvar. REPORT.AZ/ "CBC Sport" telekanalının yeni baş direktoru Volkan Üstün "Report"a müsahibəsi

- Artıq yeni iş yerinizdəki şəraitlə tanış olmusunuz. Necədir, sizi qane edir?

- Vəziyyət çox yaxşıdır. İlk olaraq Azərbaycanda olmaq mənim üçün şərəfdir. Bizim üçün Türkiyə və Azərbaycan münasibətləri çox qiymətlidir. Daha qiymətli olanı isə bu cür bir telekanala gəlməyimdir. Məqsədimiz bu kanalı daha irəli aparmaq, dünyada tanınan bazara daxil olmaqdır. "İdman Azərbaycan"ın da olması idmanın inkişafı baxımından çox yaxşıdır. İnanıram ki, idmana böyük dəstək verəcəyik.

- Sizi Azərbaycana kim dəvət etdi?

- Məni bura AFFA-nın baş katibi Elxan Məmmədov dəvət etdi. Hər şey çox sürətli şəkildə oldu. Mən Amerikada yaşayırdım. Artıq 4 gün idi ki, Türkiyəyə qayıtmışdım. Elxan bəy mənə görüş təklif etdi. Bu söhbət cümə axşamı oldu. Bir gün sonra mənə təyyarə biletini göndərdi. Gəldim, şənbə günü görüşdük və işə çıxdım. Hər şey çox tez və gözəl oldu.

- Hansı müddətə anlaşma olub?

- Burada mümkün qədər uzun müddət qalmaq və gözəl ideyalar həyata keçirmək istəyirəm. Açığı, hələ müqavilə müddətini dəqiqləşdirməmişik.

- Türkiyədə, Kanadada və ABŞ-da işləmisiniz. "CBC Sport" çalışdığınız yerlərlə müqayisədə necədir?

- Deyərdim ki, onlardan geri qalan heç bir xüsusiyyətimiz yoxdur. Bunu dəqiq deyə bilərəm. Çünki biz də yayım standartına uyğunlaşmışıq. Sadəcə, fərqliliklər tətbiq edəcəyik. Yeni fikirlər, proqram formatları gətirəcəyik. Xüsusilə də gənc tamaşaçıları həyəcanlandıracaq layihələr işləyəcəyik. Futbolu, voleybolu, basketbolu sevən gənc tamaşaçılar əslində yalnız tamaşaçı yox, ekranın bir hissəsi olacaqlar. Bu baxımdan yeni layihələr olacaq.

- Gənc tamaşaçıları ekrana cəlb etməyi hədəfləyirsiniz. Amma hər kəs rəqəmsal və kabel televiziyasına baxa bilmir...

- Bu mövzuda da görüşmələrə başlamışıq. Mümkün qədər bütün platformalarda "CBC Sport"un yayımına çalışırıq. Kanalın hər yerdə göstərilməsini təmin edəcəyik.

- Sələfiniz İlham Rüstəmov Ukrayna çempionatının da yayımlanacağını demişdi. Ancaq ortada heç nə yoxdur...

- Burada bir məsələ var. "Dinamo" (Kiyev) və "Şaxtyor" (Donetsk) Ukraynanın ən maraqlı komandalarıdır. Lakin bizə təqdim olunan yayım paketində "Dinamo"nun oyunları yox idi. Çünki həmin komanda ev oyunlarını özü satır. Həm də onların təqdim etdikləri yayım keyfiyyəti aşağı idi. Ukrayna Premyer Liqasına maraq həm də Pavel Paşayevin orada oynamasından yararlanmışdı. Lakin Paşayevin də bundan sonra Azərbaycan Premyer Liqasında - "Qəbələ"də oynamasının mümkünlüyü bildirilir. Belə olan halda ortada maraq qalmır. Gözləyəcəyik, nə vaxt HD yayıma keçsələr, o zaman da çempionatlarını yayımlayacağıq. Kanal yarandığı gündən çalışıb ki, yerli idman azarkeşləri keyfiyyətli yayım görsün və buna öyrəşsin. Dəqiq deyə bilərəm ki, bu mövsüm Ukrayna çempionatı verilməyəcək.

- Bəs Türkiyə Super Liqası yayımlanacaq? Çünki Azərbaycanda Türkiyə futbolunun kifayət qədər azarkeşləri var...

- İlk işimiz bu məsələ ilə bağlı danışıqlara başlamaq olacaq. Ancaq Türkiyə çempionatının olduqca yüksək futbol dəyəri var və bunun da maddi tərəfi çox yüksəkdir. Maliyyə tərəfindən danışsaq, son tenderdə Super Liqanın bir mövsümlük yayım hüququ 110 milyon dollara verildi. Buraya texniki heyət aid deyil. "Lig TV" 4 il üçün Türkiyə Futbol Federasiyasına 400 milyon dollar ödəyəcək. Əlavə olaraq da 50 milyon dollar texniki heyət xərci var. Yəni "Lig TV" Super Liqanın 4 mövsümü üçün 450 milyon dollar xərcləyir. Təbii ki, tələb olunan rəqəmlər çox yüksəkdir. Biz də bu haqda düşünürük. Bəlkə sponsorla bərabər bir iş görəcəyik. Ən qısa zamanda bu işlə bağlı görüşlərə başlayacağıq. Ancaq çox bahalı bir məhsuldur.

- Artıq sponsorlarla danışıqlar başlanıb?

- Təbii ki, potensial sponsorlar var. Bir həftədir gəlmişəm, ad açıqlamağım düzgün olmaz. Ancaq deyə bilərəm ki, GSM şirkətlərinin hamısı, avtomobil firmaları ilə iş görmək istəyirik. Vacib olan hansı ilə işləyəcəyimiz yox, bizim də onlara necə məhsul təqdim etməyimizdir. Onların da diqqətini çəkəcək yaradıcı layihələr təqdim etməyi düşünürük. Sadəcə reklam almaq deyil, bu işin inkişaf etməsini istəyirik. Azərbaycanda idmanın hərtərəfli olaraq inkişaf etməsi lazımdır ki, sabah stadionlara daha çox azarkeş gəlsin. İdman sevgisini tamaşaçıya daha çox çatdırmalıyıq. Əlimizdə çox gözəl yarışlar var. Qarşıda "Formula 1" üzrə Avropa Qran-Prisi, IV İslam Həmrəyliyi Oyunları və bir çox yarışlar var.

- Bu yarışları işıqlandırmaq üçün sizin tərəfdən hansısa addımlar atılacaq?

- Danışıqlar aparılacaq. Ancaq işin sonunda pul dayanır. Yəni kim nə qədər pul istəyir. Onsuz da "Formula 1"də rəsmi yayımçı olsaq da, olmasaq da, o işin içində olacağıq. Bu baxımdan problem olmayacaq. Amma əsas olan məhsulları layiq olduğu dəyərə almaqdır. Bəzən Azərbaycan və Türkiyəyə çox bahalı məhsullar satılır. Buna da imkan vermək olmaz.

- Sizcə, "CBC Sport"un "Lig TV" səviyyəsinə çata bilməsi üçün nə qədər vaxt lazımdır?

- Bunu əminliklə deyə bilərəm ki, siz yeni mövsümdən "CBC Sport"un "Lig TV"dən daha irəlidə olduğunu görəcəksiniz. Çünki bu, texniki sərmayə məsələsi deyil, görüntü ilə bağlıdır. Bizdə də o cür rejissorlar var və nə desən, fikri havada həmin anda başa düşürlər. Bununla da böyük fərqlilik yaradacağıq.

- Bu işləri istənilən səviyyədə görmək üçün maddi-texniki baza lazımdır. Ancaq sizin rəhbərlik etdiyiniz kanalın bazası o qədər də geniş deyil. Məsələn, avtomobillər, mikrofonlar yoxdur...

- Əslində, bu işlər balanslı şəkildə gəlirdən asılıdır. Davamlı olaraq tək bir sponsordan və ya kimdənsə gələn pulla bir iş görmək lazım deyil. Burada öz əlaqələrimiz, işimizlə reklam və sponsorluq müqavilələri imzalayıb, gəlirlərimizi artırmağı düşünürük. Bundan sonra isə maddi-texniki baza gücləndiriləcək. Hələlik əlimizdə olanlar bizə kifayət edir. Canlı yayım üçün iki maşınımız var, çempionat oyunlarını çəkmək üçün heç bir problem yoxdur. Fikrimcə, bu bizim üçün çox gözəldir. Daxildə olan texniki avadanlıqlara gəldikdə, qarşıdakı ayın əvvəlindən surətlə əlavələr olacaq.

- Bəs çəkilişlərin həyata keçirildiyi studiyalar, xəbər otaqları necə, ürəyinizcədir?

- Hələ hazırkı studiyada çəkilişlərə davam edəcəyik. Bundan əlavə, kiçik, amma həqiqi dekorasiyalı studiya yaradacağıq. Əslində, buranın yeri də gözəldir və sərmayə də qoyulub. Buranı bir kənara atıb, 5 ayda hansısa işi yenidən görmək düzgün olmaz. Bu qədər iş görülüb. Buranın üstün cəhəti də var. Məsələn, idman mühitini hiss etmək üçün stadiona çıxırsan.

- Sizə qədər Azərbaycan Premyer Liqasının əksər oyunları tamaşaçılara nümayiş etdirilirdi. Sizlə bu iş necə qurulacaq?

- Eyni cür davam edəcək. Bu baxımdan heç bir şey fərqli olmayacaq. Bütün oyunları yayımlamağa çalışacağıq.

- Sabah keçiriləcək Klublar Komitəsinin iclasında iştirak edəcəksiniz. Klublarda bölüşmək üçün planlarınız var?

- Sabahkı iclasda klublarla tanış olacağam. Bizim klublarla tələbimiz bu cürdür. Əgər bərabər, ortaq şəkildə bu çempionatı layihə şəklində irəlilədə bilsək, uğurlu olarıq. Çünki bu işdə yalnız bizim yayımda uğurumuz deyil, çempionatın da uğurlu olması çox vacibdir. Gözəl yayım lazımdır. Bu, çempionatın Avropa səhnəsində uğuru da ola bilər. Ona görə də işi qarşılıqlı şəkildə görmək lazımdır. Burada söhbət sadəcə klubların, "CBC Sport"un yox, Azərbaycan futbolunun qazanmasından gedir. Vacib olan Azərbaycan idmanını, idman yayımını irəli aparmaqdır. Ən böyük hədəfimiz Hollandiya, İtaliya və digər çempionatlar kimi, Azərbaycan Premyer Liqasının başqa ölkələrdə də izlənməsidir.

- Düşünmürsünüz ki, keyfiyyətli yayım, bütün oyunların ekrana daşınması bir növ azarkeşi stadionlardan uzaq salır...

- Bəli, rahat şəkildə istədiyini izləmək hər kəsin haqqıdır. Ancaq futbolun ən gözəl tərəfi azarkeşin stadiona gəlməsi, komandasına dəstək verməsi, şüarlar səsləndirməsidir. Biz də bunu istəyirik. Belə olanda futbol əyləncə xarakteri daşıyır. Yoxsa futbol təkcə futbolçu oyununa çevrilir. Evdən izləmək çox rahatdır. Ancaq azarkeşlər də bizimlə olarsa, halqanın əksik qalmış hissəsi tamamlanar.

- Hazırda istifadə olunan səyyar telestansiyalar icarədir. İcarə müddəti başa çatdıqdan sonra necə olacaq?

- Burada heç bir problem yoxdur. Bəlkə bu dönəmlərdə satın almaq fikri var, amma hazırda "Saran Holding"lə əməkdaşlıq müddəti davam edir. Ancaq bu dönəmdə necə yeni sərmayə qoyacağımızı planlaşdırırıq. Çünki ehtiyacı müəyyənləşdirib, ona uyğununu almaq lazımdır. Tam optimal olan bir avtomobil istəyirik.

- Kanalın hazırkı heyətinin işindən razısınız?

- Hamısını ayrı-ayrılıqda çox sevirəm. Burada gözəl kollektiv var. Gəldiyim gündən mənim üçün dost olublar. Bu heyət dağılmadan davam edəcəyik və yeni əməkdaşlar da cəlb olunacaq. Yeni aparıcılar, müxbirlər olacaq. 

- "Saran"la əməkdaşlıq etməyə başlanılanda hamısı şirkətin komandası idi. İndi isə əksəriyyəti yerli əməkdaşlardır. Keyfiyyət baxımından narazı deyilsiniz?

- İndi hardasa 90 faizi yerli əməkdaşlardır. "Saran"dan texniki əməkdaşlar və bir neçə avtomobil sürücüsü qalıb. Belə də davam edəcək. Çünki bizim əməkdaşlar özləri bu işin öhdəsindən çox gözəl gəlirlər. Üstəlik, bəzi dəyişiklər edəcəyik. Rakurslarda müxtəliflik olacaq. Bir neçə kiçik kameranı qapı toruna yerləşdirəcəyik. Bu zaman qapıçının da görüntüsünü almış olacağıq. Üstəlik, sürətli kamera keçidləri, fərqlilik edəcəyik.

- Bir neçə ölkədə çalışmısınız. Sizin idarəçilik sisteminiz necədir?

- Mən demokratik şəkildə idarəçiliyə üstünlük verirəm. Çünki bir idarəçinin deyil, bütün kollektivin verdiyi qərar daha yaxşıdır. Oturduğum yeri görürsünüz. Elə iclası da burada keçiririk. Birgə fikir alış-verişi edirik. Mənim kabinetim də, kreslom da buradır. Əsas olan hamının fikrini dinləməkdir. Hər kəslə məsləhətləşərək çalışmaq istəyən biriyəm. Qarşılıqlı anlaşma ilə görülən işlər həmişə daha effektiv olur. Ancaq bir xasiyyətim var. Bir işi danışdıqsa, tez bir zamanda olmağını istəyirəm. Çox səbirsiz biriyəm. Böyük bir uğur əldə edəcəyik. Məndən əvvəl bu işə ürək qoyublar və mənimlə də davam edəcək. Otağımın qapısı həmişə açıqdır, bütün fikirləri dinləyirəm. İşçi ilə dost olmağı xoşlayıram. Çünki günümüzün yarısından çoxunu burada keçiririk. Üstəlik, mən türkmənəm və deyə bilərəm ki, öz evimə gəlmişəm.

Son xəbərlər

Orphus sistemi