Vahid Nəzərov: "Əcnəbi məşqçilər idmançılarımızı zəhərləyirlər"

Vahid Nəzərov: "Əcnəbi məşqçilər idmançılarımızı zəhərləyirlər" "Nəyə görə əcnəbilər gələnədək Azərbaycanda dopinq olmurdu?"
Fərdi
25 Avqust , 2016 12:53
Vahid Nəzərov: Əcnəbi məşqçilər idmançılarımızı zəhərləyirlər

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycan milli komandanın sabiq baş məşqçisi Vahid Nəzərov ikiqat dünya və Avropa çempionu Nizami Paşayevin 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testdən keçə bilməməsi ilə əlaqədar ünvanına səsləndirdiyi ittihamlara cavab verib. Təcrübəli mütəxəssis "Report"a açıqlamasında nə 2006-cı il Avropa çempionatında, nə də Pekin olimpiadasında N.Paşayevin onun rəhbərliyi altında çıxış etmədiyini bildirib. 

"O vaxtı baş məşqçi mən yox, Əfsət Əfsətov olub. Nizami ilk dəfə 2006-cı ildə dopinqə düşdü. Bu səbəbdən, 2 il müddətinə cəzalandı. Nizami olimpiadayadək sərbəst məşqlər edirdi. Cəzalı olduğundan, onu "Pekin-2008"ə mən hazırlamamışam. Əksinə, mən Nizamini komandaya buraxmırdım. Necə ola bilər ki, Paşayevdən dopinq tapılmasına görə mən günahkar sayılım?" deyə V.Nəzərov vurğulayıb.

Məşhur idmançının dopinq-testdən keçə bilməməsinin səbəblərini açıqlayan keçmiş baş məşqçi sələflərini günahlandırıb: "Nizami Azərbaycanda tarix yazan idmançılardandır. Müstəqil Azərbaycan idmanında ikiqat dünya və Avropa çempionu olub. O vaxtı dopinqə tək yox, Natiq Həsənovla birgə düşmüşdü. 2001-ci ildə məni uzaqlaşdırdılar. Əfsətov həmin dönəmdə baş məşqçi olub və mən komandaya yaxın gəlmirdim. Nizami də, Natiq də mənim tələbələrim olub. Onlar mənə dedilər ki, heç nə qəbul etməmişik. O vaxt Polşada yarış vardı. Nizami orada yerli idmançını uddu və qələbə qazandı. Avropa Ağırlıqqaldırma Federasiyasının o vaxtkı prezidentinin hər iki idmançımızın dopinqə düşməsində böyük rolu oldu. Çempionatdan 4-5 ay sonra xəbər gəldi ki, idmançılarımız dopinqə düşüb. Bununla da Nizamini dünya çempionatına buraxmadılar. Nizaminin udduğu o polşalı idmançı isə dünya çempionu oldu".

Tanınmış mütəxəssis N.Paşayevin "1999-cu ildə də baş məşqçi olduğu vaxt lisenziyalı dünya çempionatında ağırlıqqaldıranlarımızdan biri dopinq-testdən necə keçməmişdi?" sualını belə cavablandırıb: "O zaman dopinqə düşən olmayıb. Bunu düz demir. Nə vaxt olub? Bizdə heç vaxt dopinq qəbul etməyiblər. Bir dəfə elə hal İranda olub. O zaman Akif Alıyev turnirdə dopinqə düşmüşdü. O da bilməməzdikdən qadağan olunmuş preparatdan istifadə etmişdi. Mənə elə gəlir ya 1996, ya da 1997-ci il idi".

V.Nəzərov tək Nizami Paşayevin deyil, digər idmançıların da dopinqə düşmə səbəblərindən danışıb: "2010-cu ilə qədər tək-tük idmançılar dopinqə düşüb. Amma əcnəbi mütəxəssislər gələndən sonra belə hallar olub. Bəzi adamlar deyir ki, idman yüksək səviyyədə inkişaf edir. Düzdür, inkişaf var. Ancaq belədirsə, nəyə görə legionerləri ölkəmizə gətiririk? Öz idmançılarımızı hazırlamalıyıq. Ağırlıqqaldırmada da yüksək səviyyədə inkişaf var. 2009-cu ildə Azərbaycan 48 dövlətin içində 3-cü yer tutdu. Azərbaycana 7 medal gətirdik. Onun nəticəsində məni işdən kənarlaşdırdılar. Bundan sonra bolqarıstanlı Yanko Rusevi gətirdilər. Dopinq asan yolla uğur əldə etməkdir. Legionerlər Azərbaycana nəyə görə gəlirlər? ÇünkiÖlkə Prezidenti İlham Əliyev Olimpiya, dünya və Avropada əldə olunan uğurlara görə yüksək mükafatlar verir. Təbii ki, bunların hamısı idmanın inkişafı üçündür. Ancaq legionerlər gəlib bu pulu görür və nəyin bahasına olursa, olsun mükafatçılar sırasına düşüb pulu almaq istəyirlər. Bu səbəbdən onlar dopinqə əl atırlar. Nəyə görə bu günədək Azərbaycanda dopinq olmurdu? Legionerlər gələndən sonra olub. Əcnəbi məşqçilər gəlib bizim idmançıları zəhərləyirlər. Mən 2010-cu ildən bu yana çəkilmişəm kənara və yalnız hakimliklə məşğulam. 2010-cu ildən bu yana hesablayın. Görün nə qədər legioner gəlib, amma medal yoxdur".

Avropa, dünya çempionatı və Olimpiya Oyunlarında hakimlik etmiş V.Nəzərov sonda "Rio-2016"da çıxış etmiş idmançıları da təbrik edib. O, qazanılan 18 medalı yüksək nəticə adlandırıb. 

Son xəbərlər

Orphus sistemi