"Uraloçka" klubunun baş məşqçisi: "Rusiya və Azərbaycan çempionatlarını müqayisə etmək mümkün deyil" - MÜSAHİBƏ

"Uraloçka" klubunun baş məşqçisi: "Rusiya və Azərbaycan çempionatlarını müqayisə etmək mümkün deyil" - MÜSAHİBƏ Nikolay Karpol: "Voleybol teatrdır, bəyənməyənlər izləməyə bilərlər"
Fərdi
3 Noyabr , 2014 16:17
Uraloçka klubunun baş məşqçisi: Rusiya və Azərbaycan çempionatlarını müqayisə etmək mümkün deyil - MÜSAHİBƏ

Baki. 3 noyabr. REPORT.AZ/ Bakıda səfərdə olan Rusiyanın voleybolçu qadınlardan ibarət "Uraloçka" klubunun baş məşqçisi Nikolay Karpolun "Report"a müsahibəsi:

- Bakıya səfərinizin məqsədi nədir?

- Əsas məqsəd yoxlama görüşləri keçirməkdir. Həm "Azəryol", həm də "Azərreyl"lə yoxlama görüşləri keçirəcəyik.

- Məgər, Rusiya çempionatında fasilədir?

- Məhz belə yoxlama görüşləri keçirmək üçün fasilə təşkil etdik.

- Azərbaycan və Rusiya çempionatlarını müqayisə edə bilərsiniz?

- Xeyr, builki çempionatı müqayisə etmək çətindir, mümkün deyil. Rusiya çempionatında 4 müxtəlif liqada üst-üstə 70 komanda iştirak edir. Buna görə də müqayisə doğru olmaz.

- Bəs, yüksək səviyyəli komandalarınızın sayı neçədir?

- Biz ən güclü 5-ci komandayıq. Rusiyada bir nömrəli komanda "Dinamo-Kazan"dır. Onlar son Çempionlar Liqasının qalibi olublar. İkinci komanda "Dinamo Moskva"dır. "Dinamo Krasnodar" və "Omiçka" klubları da öndədirlər. "Omiçka" ötən mövsüm Azərbaycan klubu ilə Avropa kuboklarında üz-üzə gəlib.

- Baş məşqçi qismində bir neçə dəfə Azərbaycan klubları ilə üz-üzə gəlmisiniz. Rusiya klublarının səviyyəsi çoxmu yüksəkdədir?

- Özünüz Azərbaycan komandaları ilə oyunlarımıza gəlin, ustalıq səviyyələri arasındakı fərqi görün. Mən müqayisə apara bilmərəm. Mən yalnız komandamızın oyununu müqayisə edə bilərəm. Biz də çoxdandır "Rabitə" ilə oynamırdıq. Müqayisələr yalnız oyunlar zamanı aparılır.

- "Uraloçka"nın səviyyəsinin enməsinə səbəb nə oldu?

- Niyə də ensin ki... "Uraloçka" yaxşı səviyyədədir. Ötən mövsüm gümüş mükafatçı "Dinamo Moskva"ya qalib gəldik. Mükəmməl oynamaq üçün bizdə ehtiyat qüvvə çatışmır. Düzdür, müəyyən zədələr oldu. Ancaq komanda normal çıxış edir.

- Yekaterina Qamovanın komandanızdan getməsinin səbəbi nə oldu?

- Biz açıq cəmiyyətdə yaşayırıq. Oyunçular bazardan əldə edilirlər. Bizim kimi digər komandalar da oyunçu transfer edirlər. Bütün idmançılar seçimlərində azaddırlar. Biz özümüz oyunçu yetişdirməyə çalışırıq. Bu il 8 voleybolçu getdi. Onların yerinə 5 nəfər öz ehtiyat qüvvəmizdən, 3-nü digər klublardan gətirdik. Bu gün şərtlər bazarda diktə olunur.

- Qamovanın Azərbaycana gələcəyi barədə də xəbərlər dolaşırdı...

- Mən bilmirəm. Bu məsələ ilə mən məşğul olmuram. Baş məşqçi kimi oyunçu hazırlayıram.

- Oyunlar zamanı texniki zonada rahat durmursunuz, voleybolçuların üstünə tez-tez qışqırırsınız. Bu, nə ilə bağlıdır?

- Emosiyalarımın ifadəsi ilə. Mən emosional insanam.

- Düşünmürsünüz ki, bu, tamaşaçılarda sizə qarşı birmənalı fikir yaratmaya bilər?

- Bu, teatrdır. Biz də teatrdayıq. Hamı pul verir ki, tamaşa etsin. Teatra gəlirsiniz, bəyənirsiniz? Bəyənirsinizsə gəlin, bəyənmirsinizsə, gəlməyin.

Son xəbərlər

Orphus sistemi