"Tour d Azerbaijan" veloyürüşünün marşrutu açıqlanıb

"Tour d Azerbaijan" veloyürüşünün marşrutu açıqlanıb 5 günlük yarışın son 3 gününü "Eurosport" canlı yayımlayacaq
Fərdi
14 Aprel , 2015 14:34
Tour d Azerbaijan veloyürüşünün marşrutu açıqlanıb

Bakı. 14 aprel. REPORT.AZ/ Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" veloyürüşü mayın 6-da start götürəcək. Azərbaycan Velosiped İdmanı Federasiyasından "Report"a verilən məlumata görə, 5 günlük yarışda iştirakçılar ümumilikdə 870 km məsafə qət edəcəklər.

Proqrama əsasən, velosipedçilər mayın 6-da Bakı-Sumqayıt (154 km), mayın 7-də Bakı - Qobustan - Şamaxı - İsmayıllı (187 km), mayın 8-də Qəbələ - Oğuz - Şəki - Oğuz - Qəbələ (180 km), mayın 9-da Qəbələ - Ağdaş - Yevlax - Mingəçevir (205 km) marşrutu üzrə hərəkət edəcəklər. Mayın 10-da paytaxtda təşkil olunacaq sonuncu mərhələ (144 km) isə Bakı-2015 ilk Avropa Oyunlarının marşrutu üzrə keçiriləcək.

Planetin nüfuzlu "Eurosport" kanalı ilə əldə olunmuş razılığa əsasən, "Tour d’Azerbaïdjan-2015" veloyürüşünün 3-cü, 4-cü və 5-ci mərhələləri adı çəkilən telekanal vasitəsilə canlı yayımlanacaq. 1-ci və 2-ci mərhələlər isə yarım saatlıq icmal şəklində tamaşaçılara təqdim ediləcək. Veloyürüş başa çatdıqdan sonra "Eurosport" bütün mərhələlərdən bəhs edən daha bir icmal yayımlayacaq. Azərbaycanda isə bu missiyanı "İdman Azərbaycan" həyata keçirəcək. Telekanal turun 5 mərhələsinin hamısını canlı yayımlayacaq.

Qeyd edək ki, "Tour d’Azerbaïdjan-2015" veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayacaqlar.

Son xəbərlər

Orphus sistemi