​"Tour d Azerbaidjan"da Azərbaycanı təmsil edəcək idmançıların adları açıqlanıb

​"Tour d Azerbaidjan"da Azərbaycanı təmsil edəcək idmançıların adları açıqlanıb Velosipedçilərdən 3-ü yerli, 3-ü isə legionerdir
Fərdi
5 May , 2015 15:36
​Tour d Azerbaidjanda Azərbaycanı təmsil edəcək idmançıların adları açıqlanıb

Bakı. 5 may. REPORT.AZ/ "Tour d Azerbaidjan"da Azərbaycanı təmsil edəcək idmançıların adları açıqlanıb. "Report"un məlumatına görə, bu barədə "Tour d Azerbaidjan" veloyürüşü ilə əlaqədar keçirilən mətbuat konfransında Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, yarışın Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov bildirib.

Onun sözlərinə görə, Azərbaycan komandasında çıxış edəcək 6 velosipedçidən 3-ü yerli, 3-ü isə legionerdir. Komandanın heyətinə Elçin Əsədov, Maksim Averin, Samir Cəbrayılov (yerli), Matey Mügerli, Yannis Tamuridis və Aleksandr Surutkoviç (legionerlər) daxildir. S.Ələkbərov heyətin məşqçilər tərəfindən müəyyənləşdirildiyini bildirib.

Mayın 6-da start götürəcək çoxgünlük veloyürüşdə 24 ölkədən 25 komandanın iştirak edəcəyini qeyd edən Təşkilat Komitəsinin sədri komandaların artıq Bakıda olduğunu söyləyib. Bu dəfə bütün mərhələlərin canlı yayımlanacağını deyən S.Ələkbərov son 3 mərhələ - finişə yaxın 1,5 saatlıq hissənin "Eurosport" tərəfindən ekranlara gətiriləcəyini bildirib.

Vitse-prezident iştirakçı komandalar və digər məsələlər barədə də məlumat verib: "19 prokontinental komandadan 4-ü bizim yarışda olacaq. Xarici ölkələrdən 15 nəfər gələcək. Helikopterlər, motosikletlər, stasionar çəkiliş qurğuları hazırdır. Bütün günlərin hava haqqında məlumatını almışıq. Gün çıxacaq, zəif külək olacaq. Orta hesabla 18 dərəcə isti olacaq. Bu da veloyürüş üçün əlverişli havadır".

Marşrutdakı əsas dəyişiklik 4-cü mərhələ ilə bağlı olacaq. S.Ələkbərovun sözlərinə görə, Avropa Oyunlarının keçiriləcəyi Mingəçeviri nümayiş etdirmək üçün Qəbələdən Pirquluya qədər olan yol Qəbələdən Mingəçevirə dəyişdirilib. Yollarda təmir işlərinin aparıldığını bildirən S.ƏIəkbərov marşrutda heç bir problemin olmadığını söyləyib: "Hər dəfə xahiş edirik ki, çınqıldaşıyan maşınlar yoldan keçməsin. Çalışacağıq ki, yolları minimum sayda bağlayaq. Hər yerdə veloyürüş keçiriləndə yollar bağlanılır. Bakı mərhələsinə 10:45-də start verib 14:15-də bitiririk".

Son xəbərlər

Orphus sistemi