“Tour d’Azerbaidjan-2016”nın Təşkilat Komitəsinin iclası keçirilib

“Tour d’Azerbaidjan-2016”nın Təşkilat Komitəsinin iclası keçirilib 5 mərhələdən ibarət veloturda 19 ölkədən 21 komandanın iştirakı təsdiqlənib
Fərdi
29 Aprel , 2016 09:47
“Tour d’Azerbaidjan-2016”nın Təşkilat Komitəsinin iclası keçirilib

Bakı. 29 aprel. REPORT.AZ/ “Tour d’Azerbaidjan-2016” beynəlxalq velosiped turunun Təşkilat Komitəsinin geniş iclası keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda Daxili İşlər, Nəqliyyat, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı şəhər Baş Polis İdarəsinin, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəhbər vəzifəli şəxsləri, Bakı şəhərinin, habelə velosiped turunun marşrutlarının keçdiyi rayonların və şəhərlərin İcra Hakimiyyətləri başçılarının müavinləri, veloturun təşkilinə cəlb olunmuş digər qurumların nümayəndələri iştirak edib.

İclası açan turun Təşkilat Komitəsinin sədri, AVİF-in vitse-prezidenti Sahib Ələkbərov Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2016” beynəlxalq velosiped turu barədə ətraflı məlumat verib. O bildirib ki, ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunan 5 mərhələdən ibarət "Tour d'Azerbaidjan-2016" beynəlxalq velosiped turu Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur. Mayın 4-də start götürəcək "Tour d'Azerbaidjan-2016" beynəlxalq velosiped turu əvvəlki illərdə olduğu kimi 5 mərhələdə keçiriləcək.

Qeyd olunub ki, bu günədək “Tour d’Azerbaidjan-2016” yarışında 19 ölkədən 21 komandanın iştirakı təqdiqlənib. Onlardan 6-sı pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, 1-i isə milli komandadır. İştirakçılar 1-ci mərhələdə Bakı - Sumqayıt (154 km), 2-ci mərhələdə Bakı - İsmayıllı (186,5 km), 3-cü mərhələdə Qəbələ - Şəki - Qəbələ (177,2 km), 4-cü mərhələdə Qəbələ - Pirqulu (115,3 km) və sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 791 km məsafə qət edəcəklər.

İclasda “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun təşkilatı işləri ilə bağlı müzakirələr aparılıb və aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi