Tamerlan Mustafayev: "Məni güclü rəqabət gözləyir"

Tamerlan Mustafayev: "Məni güclü rəqabət gözləyir" 21 yaşlı kayakçı 1000 metr, 500 metr və 200 metr məsafələrə yürüşlərdə mübarizə aparıb
Fərdi
10 Aprel , 2015 00:25
Tamerlan Mustafayev: Məni güclü rəqabət gözləyir

Bakı. 10 aprel. REPORT.AZ/ Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilmiş "Bakı 2015" I Avropa Oyunları öncəsi test xarakterli Beynəlxalq Prezident Kubokunda Azərbaycanın xeyli perspektivli avarçəkəni iştirak edib. Onlar arasında Tamerlan Mustafayevi xüsusi qeyd etmək olar.

"Report"un Milli Avarçəkmə Federasiyasına istinadən xəbər verir ki, 21 yaşlı kayakçı 1000 metr, 500 metr və 200 metr məsafələrə yürüşlərdə mübarizə apardı və hər üçündə mükafatçılar sırasına düşməyi bacardı. Amma o, heç bir yürüşdə qızıl medala sahib ola bilmədi. Bu da Mustafayevin daha təcrübəli Mirnazim Cavadovla rəqabət aparmasından irəli gəlirdi.

Tamerlan Mustafayev Prezident Kubokundakı çıxışı və qarşıdakı yarışlara hazırlığı barədə Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətinə açıqlama verib...

- Yarış haqqında təəssüratlarınızı bildirərdiniz...

- 3 medal götürdüm. 3 məsafədə də iştirak etdim. 1000 və 500 metrdə 2-ci, 200 metrdə 3-cü yerlə kifayətləndim. Gözlədiyimdən də yaxşı nəticə göstərdim. Daha çox uzun məsafəyə yönəldiyimdən, 200 metrdəki çıxışım bir az zəif alındı. Çalışırdım ki, qısa məsafədə yüksək nəticə göstərim, amma alınmadı. Əminəm ki, məşq edərək gələcək yarışlarda 3 məsafənin hamısında birinci olacağam.

- Əsas rəqibiniz Mirnazim Cavadov idi...

- Bəli, onunla eyni komandadanıq. Eyni komanda daxilində rəqib olmur. Mirnazimlə bir yerdə məşq edirik. Onun kimi idmançı ilə birgə məşq mənim üçün böyük perspektiv deməkdir.

- Qarşıdan I Avropa Oyunları gəlir. Oyunlarda iştirak edə biləcəksiniz?

- Bu, hələ dəqiqləşməyib. Qərarı federasiya rəhbərliyi verəcək. Oyunlar zamanı 1 nəfərlik kayak qayığı ilə 2 məsafəyə - 200 metr və 1000 metrlik yürüşlər təşkil olunacaq.

- Özünüzü Oyunlara hazır sayırsınız?

- Bəli, hazıram. Amma Oyunlarda Mirnazim Cavadov çıxış etməlidir. O, məndən 2 yaş böyükdür, daha təcrübəlidir. Güman ki, elə özü də yarışacaq. Çünki qalib adını o qazanıb.

- Başqa hansı yarışlarınız var?

- Qarşıdan Dünya Kuboku və Avropa çempionatı gəlir. Amma bu yarışlarda da iştirak edib-etməyəcəyim bilinmir. Hər iki reqata mayda olacaq. Gələn ayadək məni güclü rəqabət gözləyir. Hansı məsafədə iştirak edəcəyimə rəhbərlik qərar verəcək.

Son xəbərlər

Orphus sistemi