​Rövnəq Abdullayev: "Cüdo mənə yad deyil" - MÜSAHİBƏ

​Rövnəq Abdullayev: "Cüdo mənə yad deyil" - MÜSAHİBƏ “ACF və əsas təlim-məşq bazası Bakı Olimpiya Stadionunda yerləşəcək”
Fərdi
4 Sentyabr , 2015 18:15
​Rövnəq Abdullayev: Cüdo mənə yad deyil - MÜSAHİBƏ

Bakı. 4 sentyabr. REPORT.AZ/ Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Cüdo Federasiyasının hesabat-seçki Konfransından sonra ACF-nin yeni prezidenti jurnalistlərin suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir:

- Ölkə başçısı və Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin tövsiyəsi əsasında seçki oldu. Məni də Azərbaycan Cüdo Federasiyasının prezidenti vəzifəsinə seçdilər. Məni bu vəzifəyə tövsiyə etdiyi üçün cənab Prezidentə minnətdarlığımı bildirirəm. Çalışacağam ki, bu etimadı doğruldum. Qarşımızda qoyulan əsas vəzifə cüdonu inkişaf etdirmək, Azərbaycanda gənclərin idmanla məşğul olmalarına yaradılan şəraitə dəstək verməkdir. Maksimum imkanlar yaratmalıyıq ki, gənclərimiz həm cüdo ilə məşğul olsunlar, həm də Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edərək yaxşı nəticələr göstərsinlər. Biz də bunun üçün çalışacağıq.

- Artıq iki aparıcı federasiyaya rəhbərlik edəcəksiniz. AFFA və ACF-yə eyni vaxtda rəhbərlik Sizin üçün çətinlik yaratmayacaq?

- Xeyr. Bu federasiyalar bir nəfərdən asılı deyil. Biz bir komandayıq. Hər bir iş komanda ilə görülür. AFFA-da da belədir, ACF-də də belə olacaq. Əsas məsələ işin təşkilidir.

- Cüdo millimizə əcnəbi baş məşqçinin gətirilməsi mümkündürmü?

- Hələ bu barədə danışmaq tezdir. Cüdo mənə yad deyil. "Neftçi" İdman Klubunda cüdo da inkişaf etdirilir. Deyərdim ki, bu növ üzrə məşqçilərin 90 faizi bu klubda çalışır. Mən onların da işləri ilə daima məşğul olmuşam və nəzarəti həyata keçirmişəm. "Neftçi"də 23 cüdo məşqçisi var. Bu məsələyə baxacağıq. Əsas odur ki, nəticə olsun. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına bir ildən də az vaxt qalıb. O vaxtadək maksimum sayda lisenziya qazanmalıyıq. Baş məşqçi kim olsa, qarşısına bu məqsəd qoyulacaq.

- 2012-ci il London olimpiadasında cüdoçularımız medalsız qalmışdılar. Bu dəfə Olimpiya medalı qazanmaq mümkün olacaqmı?

- Çalışacağıq, əlimizdən gələni edəcəyik.

- Azərbaycan Cüdo Federasiyasının bazası harada yerləşəcək?

- ACF və əsas təlim-məşq bazası Bakı Olimpiya Stadionunda yerləşəcək.

- Son zamanlar cüdoçular şəraitsizlikdən şikayətlənirdilər...

- Biz çalışacağıq ki, şəraitləri yaxşı olsun. Uğur qazanmaq isə onların özlərindən asılıdır.

Son xəbərlər

Orphus sistemi