Rövnəq Abdullayev ​Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb

Rövnəq Abdullayev ​Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb İJF-nin 2 il əvvəl yaranmış akademiyası ilə ACF arasında əməkdaşlığa başlanılacaq
Fərdi
8 Yanvar , 2016 15:50
Rövnəq Abdullayev ​Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizerlə görüşüb. 

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qonağı salamlayan R.Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin ölkə idmanının inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışıb, idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları yüksək nailiyyətlərdən söhbət açıb. 

Ölkədə cüdo idman növünün də zəngin ənənələrə malik olduğunu qeyd edən ACF prezidenti son vaxtlar Azərbaycan idmançılarının mötəbər yarışlardakı uğurlarını vurğulayıb. O, Azərbaycan cüdoçularının Fransa, Avstraliya, Çin, Koreya, Yaponiya, Afrika Qran-Prisi və “Böyük dəbilqə” turnirlərində medlallar qazandığını diqqətə çatdırıb. Ötən ilin dekabrında gənclər və böyüklər arasında respublika çempionatlarının da yüksək səviyyədə keçirildiyini söyləyən R.Abdullayev bu yarışlarda rekord sayıda cüdoçuların mübarizə apardığını qeyd edib.

Səmimi görüşə görə minnətdarlığını bildirən M.Vizer Azərbaycanın artıq bütün dünyada idman ölkəsi kimi tanındığını söyləyib. O, dövlət səviyyəsində Olimpiya Hərəkatı və idmanın inkişafına göstərilən diqqətin dəfələrlə ümumdünya idman təşkilatları və federasiyaları tərəfindən qiymətləndirildiyini bildirib. Azərbaycan cüdoçularının gələcək beynəlxalq yarışlarda da uğurla çıxış edəcəyinə ümidvar olduğunu söyləyən İJF prezidenti mayda Bakıda ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Böyük dəbilqə” yarışının da yüksək səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb. Bu mötəbər turnirdə beynəlxalq və yerli federasiyaların birgə işçi qrupunun fəaliyyət göstərəcəyini, yarışda dünyanın ən güclü cüdoçularının Bakıya təşrif buyuracağını qeyd edib. 

2017-ci ilin yanvarında beynəlxalq dərəcəli hakimlərin seminarının keçiriliməsinin də Bakıya həvalə olunduğunu söyləyən M.Vizer bu tədbirdə olimpiadadan sonra cüdoda yeni qaydaların tətbiq edilməsi ilə bağlı qərar qəbul olunacağını deyib. Həmçinin, İJF-nin 2 il əvvəl yaranmış akademiyası ilə ACF arasında əməkdaşlığa başlanılacaq. 

Sonra M.Vizer İJF-nin xüsusi hədiyyəsini ACF prezidenti Rövnəq Abdullayevə təqdim edib.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi