Milli Mətbuatın yaradılmasının 140 illik yubileyi münasibətilə jurnalistlər arasında şahmat turniri keçirilib

Milli Mətbuatın yaradılmasının 140 illik yubileyi münasibətilə jurnalistlər arasında şahmat turniri keçirilib Media Kubokunun informasiya dəstəkçisi "Report" olub
Fərdi
20 İyul , 2015 19:46
Milli Mətbuatın yaradılmasının 140 illik yubileyi münasibətilə jurnalistlər arasında şahmat turniri keçirilib

Bakı. 20 iyul. REPORT.AZ/ 22 iyul - Milli Mətbuatın yaradılmasının 140 illik yubileyi münasibətilə Bakıdakı "Demirchi Tower” biznes mərkəzinin konfrans zalında jurnalistlər arasında şahmat üzrə "Media Kuboku" turniri keçirilib. "Report"un infomasiya dəstəyi ilə keçirilən yarışın təşkilatçıları İdman Araşdırmalar Mərkəzi (İAM) ilə Azərbaycan Şahmat Federasiyası, sponsoru isə "Kolizey İnşaat" olub.

Tədbirin açılış mərasimində çıxış edən İAM-ın sədri Elşən Məmmədov yarışın əhəmiyyətindən danışıb. O bildirib ki, "Media Kuboku"nun keçirilməsində məqsəd jurnalistlər arasında münasibətləri və ünsiyyəti daha da sıxlaşdırmaqla yanaşı, Bakıda keçiriləcək 2015-ci il Dünya Kuboku və 2016-cı il Ümumdünya Şahmat Federasiyasına daha fəal dəstək verməkdən ibarətdir.

Ardından turnirin baş hakimi, beynəlxalq dərəcəli hakim Vitali Sapronov jurnalistləri peşə bayramları münasibətilə təbrik etməklə yanaşı, qeyd edib ki, əslində "Media Kuboku"nun təşkil olunduğu 20 iyul - Ümumdünya Şahmat günüdür. Bu baxımdan, V.Sapronov belə təşəbbüsün həm də şahmatın təbliği baxımından da önəmli olduğunu vurğulayıb.

Daha sonra turnirin püşkü atılıb. Püşkə əsasən, 16 iştirakçı 1/8 final mərhələsindən olimpiya sistemi üzrə mübarizəyə başlayıb. Qaliblər növbəti mərhələyə yüksəlib və turnir bu qayda ilə final görüşünün nəticəsi bilinənədək davam edib. Məğlub şahmatçılar isə eyni sistemlə 3-cü yer uğrunda görüşün qalibi müəyyənləşənədək yarışıblar. Cütlüklərin tərkibi və iştirakçıların hansı rəngli fiqurlarla oynayacaqları püşkatma yolu ilə müəyyənləşib. Hər bir qarşılaşma bir partiyadan ibarət olub. Rapid sistemi ilə keçirilən partiya zamanı iştirakçıların hərəsinə 15 dəqiqə vaxt verilib. Görüşlərin yekununda heç-heçə qeydə alındıqda, fiqurları dəyişmək şətilə hərəyə 5 dəqiqəlik vaxt verilməklə, blits oyun təşkil olunub.

Yekunda qalib adını finalda "Futbol+" qəzetinin əməkdaşı Sərxan Musalını yenən "Futbolinfo.az" saytının redaktoru Ceyhun Əliyev qazanıb. 3-cü yeri isə ATV-nin redaktoru İlkin Fikrətoğlunu gərgin mübarizədə məğlub edən "İdman" qəzetinin müxbiri Kamran Hacı tutub. Həlledici qarşılaşmalarda ilk gedişləri Azərbaycan Şahmat Federasiyasının rəsmisi Yaşar Məmmədovla beynəlxalq qrossmeyster Rauf Məmmədov edib. Onlar həm də "Report" İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyevlə birgə mükafatlandırma mərasiminə qatılıblar. 

R.Məmmədov çıxışında bildirib ki, medianın şahmat növünə bu cür diqqəti müsbət haldır: "Bəzən olur ki, jurnalistlər şahmatdan dərin anlayışları olmadan yazırlar. Amma hansı jurnalist şahmat oynaya bilirsə, bu, bizim üçün də yaxşı olur. Artıq o, sadəcə, "Şahmatçı uduzdu" yazmır, bu görüşün necə çətin keçdiyini də əsaslandırır.  

Fəxri qonaqlar bütün iştirakçılara diplom, ilk 3 yerin sahibinə isə pul mükafatı təqdim ediblər. Eyni zamanda E.Məmmədov İAM adından "Report"a və AŞF-yə təşəkkürnamə təqdim edib.

MEDİA KUBOKU

1/8 final

Teymur Tuşiyev (extratime.az) - Mehman Süleymanov ("Qəbələ" İK) - 1:0

Siyavuş Əliyev (İdman Azərbaycan) - İlkin Fikrətoğlu (ATV) - 1/2:1/2, 1:0

Mərdan Həsənov (newsport.az) - Kənan Məstəliyev (rekord.az) - 0:1

Sərxan Musalı (Futbol+) - Murad Axundov (1news.az) - 1:0

Zaur Xudiyev (apasport.az) - Rövşən Əhlimanoğlu (Report) - 1:0

Ceyhun Əliyev (futbolinfo.az) - İlkin Aslanov (sportmedia.az) - 1:0

Elgün Aslanov (SİA) - Murad Əliyev (Report) - 1:0

Kamran Hacı (İdman) - Rəşad Müseyibzadə - 1:0

1/4 final

Teymur Tuşiyev - Siyavuş Əliyev - 1:0

Kənan Məstəliyev - Sərxan Musalı - 0:1

Zaur Xudiyev - Ceyhun Əliyev - 0:1

Elgün Aslanov - Kamran Hacı - 0:1

1/2 final

Sərxan Musalı - Teymur Tuşiyev - 1/2:1/2, 1:0

Kamran Hacı - Ceyhun ƏIiyev - 0:1

TƏSƏLLİVERİCİ GÖRÜŞLƏR

1/4 final (B)

İlkin Fikrətoğlu - Murad Axundov - 1:0

Murad Əliyev - Zaur Xudiyev - 0:1

Siyavuş Əliyev - Kənan Məstəliyev - 1:0

Elgün Aslanov - İlkin Aslanov - 0:1

1/2 final (B)

Zaur Xudiyev - İlkin Fikrətoğlu - 0:1

İlkin Aslanov - Siyavuş Əliyev - 1/2:1/2, 0:1

İlkin Fikrətoğlu - Teymur Tuşiyev - 1:0

Siyavuş Əliyev - Kamran Hacı - 0:1

3-cü yer uğrunda

Kamran Hacı - İlkin Fikrətoğlu - 1:0

FİNAL

Ceyhun Əliyev - Sərxan Musalı - 1:0.

Son xəbərlər

Orphus sistemi