​Levon Aronyan: “Qafqaz şahmatçılarının, ümumiyyətlə, bir problemi var” - MÜSAHİBƏ

​Levon Aronyan: “Qafqaz şahmatçılarının, ümumiyyətlə, bir problemi var” - MÜSAHİBƏ "Yenidən Bakıya qayıtmağa şad olaram"
Fərdi
17 Sentyabr , 2015 11:56
​Levon Aronyan: “Qafqaz şahmatçılarının, ümumiyyətlə, bir problemi var” - MÜSAHİBƏ

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bakıdakı şahmat üzrə Dünya Kubokunda 1/32 finalda Ukrayna təmsilçisi Aleksandr Areşenkoya məğlub olan Ermənistan şahmatçısı Levon Aronyan turnir haqda fikirlərini bildirib. "Report" həmin müsahibəni Dünya Kubokunun mətbuat xidmətinə istinadən təqdim edir.

- İlk olaraq şahmat üzrə Dünya Kuboku ilə bağlı fikrinizi öyrənmək istərdik. Həmkarlarınız qeyd edib ki, Bakıdakı yarış Dünya Kuboku tarixində iştirakçılarına görə ən güclüsü sayılır...

- Dünya Kubokunda ən güclü şahmatçılar iştirak edir. Demək olar ki, ulduz şahmatçıların əksəriyyəti turnirdə mübarizə aparır. Ona görə rəqabət güclüdür.

- Levon Aronyan yarışda hansı hədəf uğrunda mübarizə aparırdı?

- Hədəf yaxşı oynamaq idi. Hədəfə nail olmadım.

- Hansı səbəbdən mümkün olmadı?

- "Tay-brek"in ilk partiyasında rəqibin sonradan həlledici olan gedişini görmədim. İkinci partiyada isə avantürist kimi oynadım. Cütlüyün taleyini ilk görüşdə buraxdığım səhv həll etdi. Çox kobud səhvə yol verdim.

- "Tay-brek"də ilk görüşdə məğlub olandan sonra dönüş yaratmağa inam var idi?

- İnam hər zaman var. Sadəcə düzgün oynamadım. Bəlkə də b4 gedişini tez oynadım. Bundan sonra mübarizə aparmaq imkanları azaldı. Hətta belə şəraitdə heç-heçəyə razılaşmadım. Vaxtından əvvəl məğlubiyyəti qəbul etmək istəmirdim.

- Dünya Kubokunu erkən tərk etməyiniz gözlənilməz oldu. Uğursuzluğa səbəb kimi yalnız bir səhvi göstərmək olar, yoxsa başqa səbəblər var idi?

- Səbəb yol verdiyim bir səhv idi. Dünya Kuboku elə yarışdır ki, bir səhv turnirin sonu deməkdir. İddiaçılar Turnirinə vəsiqə qazanmaq üçün ümidimi itirmirəm. İlin sonunadək bir neçə turnirdə iştirak edərək, reytinqimi yüksəltməyə çalışacam.

- Bir sıra mötəbər yarışlarda iştirak etmisiniz. Dünya Kubokunun təşkilatçılığı barədə fikirlərinizi öyrənmək maraqlı olardı...

- Təşkilatçılıq çox gözəldir. Biz şad olduq ki, Ermənistandan gələn bütün şahmatçılara yaxşı münasibət bəsləndi. Bizə hər cür şərait yaradıldı. Heç bir şeydən narazılıq yoxdur. Sadəcə, bilirsiniz, şahmatçılar adətən bir qədər sərbəst olmağı xoşlayır. Müəyyən mənada biz özümüz daxilən sərbəst olmağa çətinlik çəkirdik.

- 2016-cı ildə Bakı Şahmat Olimpiadasına ev sahibliyi edəcək. İştirakçılar arasında Ermənistan komandasını görmək mümkün olacaq?

- Şahmat olimpiadası 1 ildən sonra keçiriləcək. Ermənistan komandasının olimpiadada iştirakı istisna deyil. Mən yenidən Bakıya qayıtmağa şad olaram. Şahmat Azərbaycanda çox sevilir, çox populyardır. Bu, hiss olunur. Yerli şahmatçılar da yaxşı oyun sərgiləyir.

- Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Qədir Hüseynov 1/16 final mərhələsində mübarizəni davam etdirir. Onların şanslarını necə qiymətləndirirsiniz?

- Azərbaycan şahmatçıları Dünya Kubokunda yaxşı oynayırlar. Üstəlik, doğma şəhərdə çıxış edirlər. Onlar yerli azarkeşləri sevindirməyə çalışmalıdırlar. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovdan başqa digər şahmatçılarınız son aylar yaxşı təsir bağışlayır. Oyunlarında irəliləyiş hiss olunur. Fikrimcə, burada Azərbaycan millisinin kapitanı Aleksandr Xalifmanın böyük əməyi var. Xalifman Azərbaycan şahmatçılarına çox kömək olur. Rauf Məmmədovun komanda yarışlarında oyunu yadımdadır. Səhv etmirəmsə, bir turda ilk lövhədə çıxış etdi və yaxşı təsir bağışladı. Qafqaz şahmatçılarının, ümumiyyətlə, bir problemi var. Bəzən tənbəllik özünü göstərir. Digər tərəfdən, debütlə bağlı hazırlıq. Fikrimcə, Xalifmanın şahmatçılara köməyi hiss olunur. Dünya Kubokunda Qədir Hüseynov, əvvəlki yarışlarda isə Rauf Məmmədovun oyununda məşqçinin işi görünür.

Son xəbərlər

Orphus sistemi