​"İppon"a düşmüş Azərbaycan cüdosu - ŞƏRH

​"İppon"a düşmüş Azərbaycan cüdosu - ŞƏRH Milli cüdomuz tarixinin ən ağır günlərini keçirir
Fərdi
7 Avqust , 2015 10:37
​İppona düşmüş Azərbaycan cüdosu - ŞƏRH

Bakı. 7 avqust. REPORT.AZ/ Azərbaycanın idman ölkəsi kimi tanınmasında güləş, karate, boks döyüş növləri ilə yanaşı cüdonun da rolu danılmazdır. Dünya, Avropa çempionatlarında müxtəlif turnir və qran-prilərin məğlubedilməzlərinə çevrilən Azərbaycan cüdoçuları indi demək olar ki, uğura həsrət qalıblar.

Azərbaycan Cüdo Federasiyasının problemləri günü-gündən qabarır, məsələlərin həlli yubanır və nəticədə yarışa çıxan idmançılar əziyyət çəkirlər. Bəs, problemlər nə vaxt və necə başlayıb?

Hələ bir neçə ay bundan əvvəl kimano ustaları federasiya prezidenti Fizuli Ələkbərovun onlara qayğı göstərməməsindən, əmək haqlarının verilməməsindən şikayətlənirdi. Hətta məsələ ilə bağlı idmançılar aksiya da keçirmişdilər. Nəticədə Gənclər və İdman Nazirliyində görüş təşkil olundu və bu görüşdən sonra problemlərin həlli üçün vədlər verildi.

Təbii ki, baş verənlər cüdoçuların Azərbaycan idmanı üçün böyük önəm daşıyan "Bakı 2015" I Avropa Oyunlarına hazırlığına da təsirsiz ötüşmədi.  Digər federasiyalar hazırlıqlarını davam etdirib, təlim-məşq toplanışında olarkən cüdoçular öz problemlərinin həllinə çalışırdı. Bütün olanlara baxmayaraq, yenə də Azərbaycan cüdoçularından I Avropa Oyunlarında uğur, medallar gözlənilirdi.

Lakin gözləntilər özünü doğrultmadı və Azərbaycan cüdosu Avropanın, eləcə də dünyanın diqqət mərkəzində olan Oyunlarda fiaskoya uğradı. Yığmanın 9 kişi və 9 qadın olmaqla 18 idmançısından yalnız biri gümüş medal qazana bildi ki, bunu da fiasko hesab etmək olar. Bu, onu deməyə əsas verir ki, rəqiblərinin qorxusuna çevrilən Azərbaycan cüdosu bəlkə də tarixinin ən ağır günlərini keçirir.

Kişilərin problemlərindən əlavə qadın cüdoçular da çətinliklər içərisində olduqlarını danmırlar. Bir müddət əvvəl mətbuata danışan cüdoçu qızlar Federasiyanın ünvanına müxtəlif fikirlər səsləndirmişdi. Onlar da eyni məsələni - maliyyə problemlərini qabardaraq rəhbərliyin idmançılara ümumiyyətlə diqqət ayırmadığını demişdilər. İdmançı qızlardan biri onu da qeyd etmişdi ki, Federasiya prezidentini nə vaxt gördüyünü xatırlamır...

Bu gedişlə demək olar ki, cüdo Azərbaycanın idman arxivinə çevrilə bilər. Ancaq bunun qarşısını almaq üçün müxtəlif yollar axtarmaq lazımdır - Federasiyanın büdcəsini artırmaq, idmançılara lazımi şəraiti yaratmaq əsas vurğulanan məsələlərdir.

Nəzərə alsaq ki, 2016 Rio de Janeyro Yay Olimpiya Oyunlarına düz 1 il vaxt qalır, artıq indidən mövcud problemlərin həll olunması və hərtərəfli hazırlıqlara başlanması qaçılmazdır. 

Bir sözlə, Azərbaycan cüdosu "ippon"dan çıxmalıdır!

Son xəbərlər

Orphus sistemi