İlham Əliyev: "Şahmatın inkişafı Azərbaycanda dövlət siyasətidir"

İlham Əliyev: "Şahmatın inkişafı Azərbaycanda dövlət siyasətidir" "Bütün şəhər və rayonlarımızda şahmat məktəbləri fəaliyyət göstərir"
Fərdi
1 Sentyabr , 2016 21:14
İlham Əliyev: Şahmatın inkişafı Azərbaycanda dövlət siyasətidir

Bakı. 01 sentyabr. REPORT.AZ/ "Şahmatın inkişafı Azərbaycanda dövlət siyasətidir. Bütün şəhər və rayonlarımızda şahmat məktəbləri fəaliyyət göstərir. Bu ənənə hələ 1970-ci illərdə, o vaxt Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev tərəfindən qoyulub".

"Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 1-də Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparacaq Azərbaycan yığma komandalarının üzvləri ilə görüşündə deyib.

O, 1 sentyabr tarixinin Azərbaycanda çox əlamətdar bir gün olduğunu bildirib:

"Bu gün ölkəmizdə çox əlamətdar bir gündür. Bakıda 42-ci Şahmat Olimpiadası açılır. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Bu, ölkəmiz üçün çox əhəmiyyətli beynəlxalq tədbirdir.

Bakıda artıq mötəbər beynəlxalq tədbirlərin keçirilməsi bir ənənəyə çevrilib. Bildiyiniz kimi, Azərbaycanda Avropa, dünya çempionatları keçirilir və çox uğurla keçirilir. Azərbaycan artıq dünyada inkişaf etmiş ölkə kimi tanınır. Azərbaycana gələn qonaqların demək olar ki, mütləq əksəriyyəti öz vətənlərinə ən xoş təəssüratlarla qayıdırlar. Əminəm ki, bu Olimpiadada iştirak edəcək bütün şahmatçılar şəhərimizlə, ölkəmizlə tanış olacaqlar, bu iki həftə ərzində Azərbaycanı sevəcəklər və ondan sonra ola bilər ki, turist kimi də ölkəmizə qayıdacaqlar".

Prezident beynəlxalq idman yarışlarının keçirilməsinin Azərbaycanın gücünü, Azərbaycana olan hörməti nümayiş etdirdiyini deyib:

"Ötən il birinci Avropa Oyunları çox böyük uğurla keçirilib. Deyə bilərəm ki, Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilib. Bu il “Formula-1” yarışı keçirilib ki, bunun da auditoriyası 500 milyon insandır. Gələn il isə İslam Həmrəyliyi Oyunları keçiriləcək və bu gün Şahmat Olimpiadası başlayır. Mənə verilən məlumata görə, 175 ölkənin nümayəndələri Olimpiadada iştirak edəcəklər və bu, rekord göstəricidir.

Azərbaycan da bu Olimpiadada 3 kişi, 3 qadın komanda ilə təmsil olunacaq. Mən sizə uğurlar arzulayıram. Siz müxtəlif beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edirsiniz, yaxşı nəticələr göstərirsiniz. Bizim kişilərdən ibarət komandamız iki dəfə Avropa çempionu olub. Digər beynəlxalq yarışlarda yüksək yerlərə layiq görülüblər. Bizim aparıcı şahmatçılarımız həmişə yüksək reytinqlərlə bütün tanınmış şahmatçılar arasında yer tuturlar. Yəni, bizim ümidlərimiz var ki, bu yarışda da siz doğma Vətəndə ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz.

Bizim idmançılarımızın, şahmatçılarımızın, - demək istəyirdim ki, əksəriyyəti, amma belə çıxır ki, hamısı, - gəncdir, çox yaraşıqlıdır, gözəldir və bu, əslində müstəqil Azərbaycanın böyük uğurudur. Çünki siz müstəqil dövrdə formalaşırsınız, bəziləriniz müstəqillik dövründə dünyaya gəlibdir. Sizin gözəl gələcəyiniz var. Siz şahmatda artıq böyük uğurlara nail ola bilmisiniz və əminəm ki, həyatda bundan sonra da özünüz üçün layiqli yer tutacaqsınız və tutmusunuz. Bu gün göstərir ki, ancaq müstəqillik dövründə bizim xalqımız sürətlə, uğurla inkişaf edə bilər. Həm idman yarışlarında, bütün başqa sahələrdə müstəqillik dövrü, - əgər bütün Azərbaycan tarixini nəzərdən keçirsək, - ən uğurlu dövrdür. Nəyə görə? Çünki xalqımız azaddır, taleyimiz öz əlimizdədir. Biz Azərbaycanı inamla idarə edirik. Azərbaycan vətəndaşları müstəqilliyin bəhrəsini görürlər. İdmanda, o cümlədən şahmatda bizim əsas uğurlarımız məhz müstəqillik dövrünə təsadüf edir".

İlham Əliyev qeyd edib ki, "bu yaxınlarda Rioda Yay Olimpiya Oyunlarında bizim idmançılarımız rekord nəticə göstəriblər. Medalların sayına görə dünya miqyasında 14-15-ci yerləri bölüşürlər. Şahmatçılarımız da böyük zirvələrə çatıblar. Əminəm ki, gələcəkdə də siz həmişə bizi sevindirəcəksiniz".

"Şahmatın inkişafı Azərbaycanda dövlət siyasətidir. Bütün şəhər və rayonlarımızda şahmat məktəbləri fəaliyyət göstərir. Bu ənənə hələ 1970-ci illərdə, o vaxt Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində şahmat məktəblərinin böyük əksəriyyəti ya bağlanıb, ya sıradan çıxıb, ya da ki hərracda satılıb. Onların yerində dükanlar, restoranlar açıldı. Çox təəssüfedici haldır. Ancaq ulu öndər Heydər Əliyev Azərbaycana qayıdandan sonra şahmata diqqət yenə də lazımi səviyyəyə qalxdı. Ulu Öndər o vaxt dəfələrlə bizim uşaq şahmatçılarımızla görüşüb və rayonlarda şahmat məktəblərinin açılışlarında mən o məşhur şəkli həmişə görürəm - Teymur, Şəhriyar, rəhmətlik Vüqar, Qədir", - deyən dövlət başçısı sual ilə Şəhriyar Məmmədyarova müraciət edib:

- O vaxt sizin neçə yaşınız var idi Şəhriyar?

Ş.Məmmədyarov: 10 yaşım var idi.

- Uşaqlar Heydər Əliyevin ətrafında durmuşdular və o çox böyük rəmzi xarakter daşıyırdı. Bu, yeni bir nəsildir. Yeni, ağıllı, zəkalı nəsildir ki, yetişir. O, inanırdı ki, siz böyük zirvələrə qalxacaqsınız, belə də oldu. Mən də yadımdadır, o illərdə - 1990-cı illərin ortalarında çalışırdım ki, şahmatçılara, gənclərə kömək edim. Bu gün Prezident kimi bunu etməyə çalışıram. Şadam ki, idmançılarımız bizi, xalqımızı sevindirirlər. Çünki siz hamıdan yaxşı bilirsiniz ki, şahmat intellektual oyundur və xalqımızın intellektual səviyyəsini göstərir. Biz həm idmanın döyüş növlərində güclüyük, həm də intellektual növündə.

Prezident sonda şahmatçıları bütün uğurlar münasibətilə təbrik edib:

"Bu yarışda sizə uğurlar arzulayıram. Şadam ki, yeniyetmələrin də iştirakı təmin edilir. Əminəm ki, gələcəkdə siz bizi həmişə sevindirəcəksiniz. Bir daha sizi təbrik edirəm, sizə uğurlar arzulayıram".

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi