​Hacı Əliyev: "Yeni çəki dərəcəsində çıxış etmək mənə çətin olmayacaq"

​Hacı Əliyev: "Yeni çəki dərəcəsində çıxış etmək mənə çətin olmayacaq" "Debütdə qızıl medal olsa, yaxşı nəticə olar"
Fərdi
27 May , 2016 14:09
​Hacı Əliyev: Yeni çəki dərəcəsində çıxış etmək mənə çətin olmayacaq

Bakı. 27 may. REPORT.AZ/ "Artıq 2 həftədir təlim-məşq toplanışındayıq. Məşqlərimiz hər cəhətdən yaxşıdır. Problemsiz hazırlaşırıq. Olimpiadaya az qalıb. İnanıram ki, Braziliyada yaxşı nəticə göstərə biləcəyik". Bunu "Report"a açıqlamasında Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək sərbəst güləşçi Hacı Əliyev deyib.

Olimpiadada ilk dəfə çıxış edəcək və digər yarışlardan fərqli olaraq, 57 kq çəki dərəcəsində mübarizə aparacaq H.Əliyev yeni çəkinin onun üçün problem olmayacağını bildirib: "Qeyri-olimpiya yarışlarında 61 kq-da çıxış edirdim. 57 kq mənim üçün yeni olacaq. Ancaq bu çəkidə çıxış etmək mənim üçün çətin olmayacaq".

Rəqiblərinin hamısını tanıdığını deyən 25 yaşlı pəhləvan daha çox Rusiya, İran və Gürcüstan təmsilçilərini qeyd edib: "Onlar digərlərinə nisbətən daha güclüdür. İran və Rusiya idmançıları ilə görüşməmişəm, ancaq mənə elə gəlir ki, onların öhdəsindən gələ biləcəyəm. Əlimdən gələni edəcəyəm ki, qələbə qazanım. İlk dəfə olimpiadada çıxış edəcəyəm. Düşünürəm ki, debütdə qızıl medal olsa, yaxşı nəticə olar. Söz vermişəm və əlimdən gələni edəcəyəm. Dayanmadan əziyyət çəkirik. Hər məşq mənə olimpiada kimi görünür. Mən də əlimdən gələni edirəm ki, zədəsiz, problemsiz gedib orada yaxşı iştirak edim".

Qeyd edək ki, Hacı Əliyev son 2 dünya çempionatında və 2014-cü il Avropa çempionatında qızıl medal qazanıb. 

Son xəbərlər

Orphus sistemi