Güləş üzrə dünya çempionatında qalmaqal yaşanıb

Güləş üzrə dünya çempionatında qalmaqal yaşanıb Məğlubiyyət qərarı ilə razılaşmayan İranlı pəhləvan hakimin yanına uzun müddət gəlmək istəməyib
Fərdi
9 Sentyabr , 2015 04:15
Güləş üzrə dünya çempionatında qalmaqal yaşanıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ ABŞ-ın Las Veqas şəhərində keçirilən güləş üzrə dünya çempionatında qalmaqal baş verib. "Report"un məlumatına görə, olay 59 kq çəki dərəcəsində azərbaycanlı dünya və 2 qat Avropa çempionu Rövşən Bayramovla iranlı olimpiya və 6 qat dünya çempionu Hamid Mohammad Soryan arasındakı 1/4 final görüşü zamanı yaşanıb.

Qarşılaşmanın əvvəlində Soryan Bayramova kəllə atıb. Nəticədə Azərbaycan güləşçisinin başı partlayıb. O, mübarizəni başını sarıyaraq, davam etdirib. İranlı güləşçiyə isə 2 cərimə xalı verilib. Amma az sonra titullu idmançı yenidən kəllə atıb. Bu dəfə hədəfə Bayramovun dodağı tuş gəlib. Nəticədə hakimlər görüşü yarımçıq saxlayaraq, Soryana texniki məğlubiyyət veriblər.

Qərarla razılaşmayan İranlı pəhləvan hakimin yanına uzun müddət gəlmək istəməyib. Bayramovun qələbəsi elan olunduqdan sonra isə o, əlini hakimin əlindən çıxararaq, döşəyin mərkəzindən aralanıb.

Qeyd edək ki, Rövşən Bayramovla Hamid Mohammad Soryan yunan-Roma güləşində ən aşağı çəki dərəcəsi üzrə favorit sayılırlar. 2012-ci il London Yay Olimpiya Oyunlarında onlar finalda üz-üzə gəliblər. Həmin vaxt Soryan qalib gələrək, olimpiya çempionu olub.

Son xəbərlər

Orphus sistemi