Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri vəfat edib

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri vəfat edib Mirkamil Rəhimov həm də AFFA İcraiyyə Komitəsinin üzvü idi
Fərdi
31 Mart , 2016 08:55
Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri vəfat edib

Bakı. 31 mart. REPORT.AZ/ Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Mirkamil Rəhimov dünyasını dəyişib. "Report"un məlumatına görə, M.Rəhimov 60 yaşında vəfat edib. 

O, onurğa sütunundakı xərçəngdən əziyyət çəkirdi. Mərhum bu gün dəfn olunacaq.

Qeyd edək ki, Rəhimov Mirkamil Pirəli oğlu 18 iyun 1956-cı ildə Bakı şəhərində anadan olub. 1970-ci ildən başlayaraq idmanın sərbəst güləş növü ilə yaxından məşğul olub və idman ustalığına namizəd normasını yerinə yetirib. 1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun pedaqoji fakültəsinə daxil olub və institutda ictimai əsaslarla qrup komsomol katibi vəzifəsini yerinə yetirib.

1977-ci ildə İnstitutu müvəfəqiyyətlə bitirdikdən sonra, Rusiyanın Xoborovsk vilayətinin Svobodnıy şəhərində bir il hərbi xidmət keçib.

Hələ tələbəlik illərində Azərbaycan SSRİ Avtomobil Nazirliyinin 2708 nömrəli avtomobil dəstəsində istehsalat gimnastikası üzrə təlimatçı vəzifəsində əmək fəaliyyətinə başlayıb. Ordu sıralarında xidmətini bitirdikdən sonra yenidən öz iş yerinə qayıdıb.

1987-ci ildə Həmkarlar ittifaqları idman cəmiyyətinin Bakı şəhər Şurasında baş təlimatçı vəzifəsinə təyin olunub.

1992-ci ildə Azərbaycan Respublikası Dövlət İdman Komitəsində Kütləvi Bədən Tərbiyəsi və Sağlamlıq İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

O, 15 ilə yaxın idi ki, Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri vəzifəsində çalışırdı.

“Bədən tərbiyəsi və idman əlaçısı”, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarına, “Tərəqqi” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülmüşdü.

Son xəbərlər

Orphus sistemi