Formula 1 pilotları mətbuat konfransında azərbaycanca "Salam, Bakı" deyib

Formula 1 pilotları mətbuat konfransında azərbaycanca "Salam, Bakı" deyib "Daha kiçik şəhər gözləyirdim, amma paytaxtınız çox böyükdür"
Fərdi
16 İyun , 2016 11:35
Formula 1 pilotları mətbuat konfransında azərbaycanca Salam, Bakı deyib

Bakı. 16 iyun. REPORT.AZ/ "Bakıda ilk dəfə olduğum üçün məmnunam. Komanda yoldaşım da, mən də həyacanlıyam". "Report" xəbər verir ki, bunu Formula 1 üzrə "Red Bull Racing" komandasının pilotu Daniel Rikkardo iyunun 17-də Bakıda start götürəcək Avropa Qran Prisi ilə əlaqədar keçirilən mətbuat konfransında deyib. 

27 yaşlı idmançı ilk dəfə gəldiyi Bakı haqda hələ 2012-ci ildə eşitdiyini və bundan sonra məlumat toplamağa başladığını söyləyib: "Daha kiçik şəhər gözləyirdim, amma paytaxtınız çox böyükdür. Bir çox insanlar düşünür ki, hər gün məşqlərdə oluruq. Amma bu, belə deyil, səyahətlərimiz çox olur. İstirahətə, dincəlməyə ehtiyac var".

D.Rikkardo Avropa Qran Prisindəki iddialarını açıqlayıb: "Düşünürəm ki, bu trekdə 350 km/saat sürət əldə edə biləcəyik. Bir çox Qran Prilər geridə qalıb. Bakıda podiuma qalxmaq üçün yaxşı çıxış etməliyik. Bakı treki çox gözəldir. Komanda yoldaşım hər zaman rəqabət aparırıq. Qalib gəlmək üçün cəhd edirsən. Bakıdakı yarışda da bir-birimizə qarşı mübarizə aparacağıq. İyunun 19-da çox yumşaq təkərlərdən istifadə edəcəyik. Bu yeni trekdir və yumşaqdır. Düşünürük ki, doğru seçimdir. Hazırkı lider "Mercedes" çox güclü komandadır və hər kəs ona qalib gəlməyə çalışır. Onlar bizim üçün çox ciddi rəqibdir. Ümidvarıq ki, bu yarışda onları qabaqlayacağıq". 
Komandanın digər pilotu Maks Ferstappen Bakı haqda bunları bildirib: "Atam 2012-ci ildə Bakıda çıxış edirdi. Bu şəhər böyük potensiala malikdir. Belə olmasını gözləmirdim, çox maraqlı trek var. Yeni trek və yeni yarışmadır. Hər hansı bir komandada sürprizlər ola bilər. Ancaq düşünürəm ki, müsbət nəticələr əldə edə bilərik".

M.Ferstappen çempion olmaq istəyindən də söz açıb: "İlk olaraq bundan zövq alıram. Ola bilər ki, qalib olaq. Amma maksimum nəticə qazanmaq üçün var gücümüzlə çalışmalıyıq. Bu da bizi çempionluğa aparacaq. Fikrimcə, bu trekdə qalib gəlmək şansımız çoxdur. Şəhər trekləri daha çətin olur. Çünki döngələrdə ehtiyatlı olmalısan. Digər rəqiblərə qalib gəlməyə çalışacağıq".

"Azərbaycan dilində hansı sözü bilirsiniz?" sualına hər iki pilot "Salam, Bakı" deyərək cavab verib.

Son xəbərlər

Orphus sistemi