Bakı. 26 may. REPORT.AZ/ Təhsil Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə "Formula-1" yarışlarına dəstək" aksiyası çərçivəsində Bakı şəhər məktəbliləri arasında velosiped idmanı üzrə birinciliyə yekun vurulub.
Azərbaycan Velosiped İdmanı Federasiyasından "Report"a verilən məlumata görə, final mərhələsi Ağ Şəhər Bulvarında təşkil edilən yarışda rayon birinciliklərində ilk 3 yeri tutmuş 36 komanda mübarizə aparıb.
Reqlamentə əsasən, tərkibi 3 oğlan və 1 qız velosipedçidən ibarət komandalar estafet sistemi üzrə mübarizə aparıblar. Nizami rayonu 251 saylı orta məktəbin komandası ən yaxşı vaxt göstəricisi ilə çempion olub. Xətai rayonu 29 saylı orta məktəbin komandası 2-ci yerlə kifayətlənib. İlk üçlüyü Səbail rayonu 132 saylı orta məktəbin velosipedçiləri tamamlayıb.
Qalib kollektivlər medal, diplom, kubok və qiymətli hədiyyələrlə təltif ediliblər.