Bakı. 31 avqust.
"Report"un məlumatına görə, konfransda Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov, olimpiadanın Əməliyyat Komitəsinin direktoru, AŞF-nin vitse-prezidenti Mahir Məmmədov, gənclər və idman naziri Azad Rəhimov, yarışın baş hakimi və federasiyanın digər vitse-prezidenti Faiq Həsənov iştirak edib.
İlk olaraq A.Rəhimov olimpiada haqda fikirlərini bildirib: "İnanırıq ki, həm qızlar, həm də kişilərdən ibarət komandamız olimpiadada uğur qazanacaq. Biz onlara inanırıq. Şadıq ki, bu olimpiadanı Bakıda keçiririk. Bu cür gözəl hazırlanan şahmat olimpiadası olmayıb. Azərbaycanda keçirilən yarışlar yüksək səviyyəlidir. Formula 1 üzrə Avropa Qran Prisi, "Bakı 2015" I Avropa Oyunları, dünya və Avropa çempionatlarının öz auditoriyası var. Gələn il IV İslam Həmrəyliyi Oyunları olacaq. Bu gün isə ən yüksək intellektə malik idmançıların yarışını keçiririk. Bunu çox yüksək qiymətləndirirəm. Hər idman növündə inkişaf gedir və şahmatın da öz yeri var".
M.Məmmədov olimpiadanın təşkilatçılığı haqda məlumat verib. Bildirib ki, yarış üçün hər şey yüksək səviyyədə təşkil edilib. Federasiyanın vitse-prezidenti idmançılara ümid bələdiklərini söyləyib.
E.Rüstəmov Azərbaycan şahmatçılarına inandıqlarını və yaxşı nəticələr gözlədiklərini söyləyib: "Nəhayət, gözlədiyimiz gün gəlib çatdı. Hər kəsə öz minnətdarlığımı bildirirəm. Təşkilat Komitəsi olduqca geniş miqyaslı iş görüb. Azərbaycan bu olimpiadanı keçirməyə tam hazırdır. Olimpiada ölkə Prezidenti İlham Əliyevin nəzarəti altında keçirilir. Azərbaycanda son illərdə şahmat turnirləri keçirilib və bunların əsasında biz artıq təcrübə toplamışıq. Komandamız da son illərdə yaxşı nəticə göstərir. Doğma divarlar onların olimpiadadakı nəıticələrinə kömək etməlidir. Çox ciddi işlər görülüb, hazırlıqlar üçün bir sıra təlim-məşq toplanışları keçirilib. Bundan başqa yüksək səviyyəli xarici mütəxəssislər cəlb olunub. Təbii ki, reytinqlər çox vacibdir. İnanıram ki, komandalarımız özlərinin ən yaxşı nəticələrini göstərəcək. Əminəm ki, bizim komanda ən dəbli və gözəl komandadır. Mətbuat konfransından sonra komanda ilə görüşümüz olacaq. Potensialımıza uyğun nəticə gözləyirik. Konkret deyə bilərəm ki, hansı yerləri hədəfləyirik. Ancaq nəticə göstərmək üçün lazımi qurumlar hər bir işi görüb. Yaxşı nəticələr gözləyirik".
Federasiya prezidenti Azərbaycanın digər şahmat yarışlarına da ev sahibliyi edəcəyi ilə bağlı planda yeniliyin olmadığını söyləyib. Şahmat Sarayının tikintisinə gəlincə, E.Rüstəmovun sözlərinə görə, bu məsələ hələ gündəlikdədir və layihə də hazırdır. Məsələ ilə bağlı danışıqlar davam etdirilir.
F.Həsənov qonaqlara olimpiadada iştirak edəcək hakimlər haqda məlumat verib: "Olimpiadada 30 hakim iştirak edəcək. 3 ildir iş aparılır və seminarlar təşkil olunur. Onlar ölkə daxili və xaricində müxtəlif yarışlarda iştirak ediblər. Sabah da seminar olacaq. Bu seminara FİDE-nin Hakimlər Komitəsinin sədri rəhbərlik edəcək. Əvvəlki olimpiadada 10 hakimimiz iştirak edib. Bunu FİDE də yaxşı qarşılayıb".