​Cəmşid Xeyrabadi: "Heç vaxt fikirləşməmişəm ki, biz medal almayacağıq"

​Cəmşid Xeyrabadi: "Heç vaxt fikirləşməmişəm ki, biz medal almayacağıq" "Həmişə komandama ümidlə baxmışam"
Fərdi
28 Yanvar , 2015 17:40
​Cəmşid Xeyrabadi: Heç vaxt fikirləşməmişəm ki, biz medal almayacağıq

Bakı. 28 yanvar. REPORT.AZ/ Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Cəmşid Xeyrabadinin "Report"a müsahibəsi

- İlk olaraq hazırlıq prosesi barədə fikirlərinizi bildirərdiniz...

- Hər gün üçün bir proqram, bir testimiz var. Bizim 2015-ci ildə 2 əsas yarışımız olacaq. Bunların biri Avropa Oyunları, digəri dünya çempionatıdır ki, buradan da 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq mümkün olacaq. Bizə lazım olan proqramı hazırlamışıq. Sabah Fransaya yollanacağıq. Parisdə keçiriləcək Qran Pri, İranın paytaxtı Tehranda baş tutacaq Dünya Kuboku yarışları bizim üçün hazırlıq məqsədi daşıyır. Bu il bizim əsas hədəflərimizdən biri Bakıda keçiriləcək Avropa Oyunlarında qızıl medal qazanmaqdır. Təbii ki, bu, digər idman növləri üçün də vacibdir. Bu yarışlara çox yaxşı hazırlaşacağıq. Söz veririk ki, Azərbaycanın qüruru olacağıq.

- Avropa Oyunlarında bir çox idman növləri üzrə yarışlar açılışdan bir neçə gün sonra keçiriləcək. Güləşin ilk günlərdən start götürməsi sizin və idmançılarınızın məsuliyyətini artırır...

- Güləş yarışları da yunan-Roma ilə başlayacaq. Bu o deməkdir ki, biz başqa idman növlərinə yaxşı başçılıq edəcəyik. Yəni yaxşı başçılıq etmək lazımdır ki, digər idman növləri də rahat çıxış etsin və uğur qazansın. Əsas odur ki, Azərbaycanın bayrağı həmişə yüksəklərdə olsun. Tək güləş yox, bütün idman növləri Azərbaycanın iftixarı, qüruru olmalıdır.

- Azərbaycanı Avropa Oyunlarında yunan-Roma güləşçiləri 8 çəki dərəcəsində təmsil edəcək. Bu çəkilərdə çıxış edən idmançıların hansına güvəniniz daha çoxdur? Yəni hansı güləşçinizin medal qazanacağına inanırsınız?

- Bu sual düşüncəli cavab istəyir. Güləş rekordsuz bir idman növüdür. Məsələn, atletikada rekord ola bilər, amma güləşdə yoxdur. Bu baxımdan gözlənilməz nəticələr həmişə olur. Onlar məşqlərini edirlər və mənim də komandaya inamım var. İnandırmaq istərdim ki, bu güləşçilər Azərbaycanın qüruru olacaqlar. Onlar son nəfəslərinə qədər Azərbaycan üçün döyüşəcəklər, mübarizə aparacaqlar. Bizim komanda 8 çəki dərəcəsinin hamısında qızıl medala yaxındır. Yəni medal şansımız var. Amma ola bilər ki, 2 və 3 qızıl medal qazanaq.

- Çəki dərəcələrində rəqabət necədir? Güləşçilər hər çəki dərəcəsində Avropa Oyunlarında çıxış etmək üçün bir-biri ilə rəqabət aparır?

- Yarışın başlamasına bir gün qalmışa qədər bütün güləşçilərin Avropa Oyunlarında çıxış etmək şansı var. Bu da onların hazırlığından, intizamından asılıdır. Hansı ki, güləşçilərə lazım olan hər şərait yaradılır. 59 çəki dərəcəsində problemimiz var. Yəni bu çəkidə bir neçə adlı-sanlı güləşçilərimiz var. Məsələn, Rövşən Bayramlı, Taleh Məmmədov, Elman Muxtarov, Murad Məmmədov, Orxan Əhmədov, Sakit Quliyev, Murad Bazarov var. Onlardan 4 nəfərini İranda keçiriləcək yarışlara göndərəcəm. Bir nəfəri İranda keçiriləcək Dünya Kubokuna, birini Fransaya, birini isə Türkiyəyə göndərəcəm. Ümumilikdə 8 idmançını yarışlara göndərəcəm və onların güləşlərini izləyəcəm. Seçim üçün onların nəticələrinə, çıxışlarına baxacağıq. Yenə də seçimdə çətinlik olsa, öz aralarında yarış keçirəcəyik. Bu variant 59 çəki dərəcəsində ola bilər.

- Əvvəllər yuxarı çəkilərdə problemlər vardı. İstər güləşçilərin azlığı, istərsə də nəticə verə bilməmələri... İndi bu problemlər aradan qaldırılıb?

- Bəli, bu həqiqəti düzgün qeyd etdiniz. Azərbaycana gəldiyim ilk gündən fikrim yerli uşaqlardan istifadə etmək olub. Məsələn, 2014-cü ildə keçirilən Avropa çempionatında azərbaycanlı idmançılar çıxış etdi. Onlar başqa yerdən gəlməmişdilər və 4 medal qazandılar. Bu çox vacib məsələdir. Amma ağır çəki dərəcəsində Azərbaycanın problemi var. 134 kq-da bir tələbə gətirmişəm və o da öz tələbəmdir. Onun yaşı azdı, amma Avropa və dünya çempionu olmağı bacarar. Səbah Şəriəti ilə də bu çəki dərəcəsindəki problemi həll etmişik. Sizə söz verirəm ki, 98 kq-da Orxan Nuriyev gələcəkdə dünya və Avropa çempionu olacaq, amma indi yox. Onun 19 yaşı var və 1-2 il daha işləmək lazımdır. O, 22 yaşında dünyada parlayacaq. Azərbaycan güləşi gələcəkdə daha yaxşı olacaq. İndi artıq komandaya gənc nəsil idmançıları daxil etmişik. Demək olar ki, son olimpiadadan sonra Azərbaycanın yunan-Roması qurtarmışdı. Rövşən Bayramov güləşə bilmir. Emin Əhmədovun beli zədəli idi və indiyədək də güləşə bilmir. London-2012-dən artıq xeyli vaxt keçib. indi isə biz gənc nəsli əsas heyətə daxil etmişik. Məsələn, Orxan Nuriyev, İslam Abbasov, Elman, Ruhin və Murad Məmmədov bizim gənc güləşçilərimizdir. Mən Azərbaycan güləşini çox araşdırmışam, oxumuşam. İndiyədək Azərbaycan güləşinin gələcək üçün bu cür potensial olmayıb.

- İdmanda qələbə olduğu kimi, məğlubiyyət də olur. Avropa Oyunlarında medal qazanmamaq ehtimalını düşünmüsünüz?

- Ola bilər ki, 8 çəki dərəcəsində medal olmasın?

- İstəyərdik bütün çəkilərdə Azərbaycan güləşçiləri medal qazansın...

- Jurnalist kimi sizin bu sualı verməyə haqqınız var, amma mənim baş məşqçi kimi bunu düşünməyə haqqım yoxdur. Həmişə komandama ümidlə baxmışam. Hazırda ən yaxşı məşqləri edirik, ən yaxşı idmançılarımız var gücü ilə çalışır. Heç vaxt fikirləşməmişəm ki, biz medal almayacağıq. Elə bizim 19 yaşlı güləşçimiz Orxan Nuriyevdən də medal gözləyirəm. Bir faiz də şans olsa, mən ona ümidlə baxıram. Mənim üçün o, yüz faizlik şansdır. İnsan ümidlə yaşayır. O ümid də proqram, məşq, güləşçi üzərində yaranır və bu həqiqətdir. Bizim hər an, hər gün üçün xüsusi proqramımız var. Yarışdan sonra sizi görəcəm, yanıma gəlib məni öpüb təbrik edəcəksiniz (gülür). Mən də Azərbaycan xalqını təbrik edəcəm.

Son xəbərlər

Orphus sistemi