​Bakıda cüdo üzrə "Böyük dəbilqə" turnirinin açılış mərasimi keçirilib

​Bakıda cüdo üzrə "Böyük dəbilqə" turnirinin açılış mərasimi keçirilib Nazir: "Ən nüfuzlu yarışlar Azərbaycanda böyük qürur hissi ilə keçirilir"
Fərdi
6 May , 2016 15:39
​Bakıda cüdo üzrə Böyük dəbilqə turnirinin açılış mərasimi keçirilib

Bakı. 6 may. REPORT.AZ/ Bu gün Heydər Əliyev adına İdman Sarayında cüdo üzrə "Böyük dəbilqə" turnirinin açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, mərasim iştirakçı ölkələrin meydana daxil olmaları ilə başlanıb.

Rəsmi hissədə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş turnirdə iştirak edən idmançılara uğurlar arzulayıb. O bildirib ki, ən nüfuzlu yarışlar Azərbaycanda böyük qürur hissi ilə keçirilir və yarışların səviyyəsi həqiqətən də çox yüksəkdir. Prezident İlham Əliyevin idmana, idmançılara verdiyi dəstəyin böyük uğurlara səbəb olduğunu vurğulayan nazir buna görə dövlət başçısına minnətdarlığını bildirib.

O, gündən-günə medalların sayının artdığını, ölkə himninin dünyan müxtəlif idman salonlarında səsləndirildiyini söyləyib: "Azərbaycan idmanının təntənəsi ötən il Avropa Oyunlarının keçirilməsi oldu. Hazırda isə 17 yaşadək futbolçular arasında Avropa çempionatı, velosiped üzrə "Tour d`Azerbaidjan" və "Böyük dəbilqə" kimi yarışlarla yanaşı, gələn ay "Formula-1" üzrə Avropa Qran-prisi, sentyabrda Ümumdünya Şahmat Olimpiadası və 2017-ci il İslam Həmrəyliyi Oyunları Azərbaycanın qüdrətini nümayiş etdirir. İnanıram ki, cüdo üzrə "Böyük dəbilqə" turnirində də idmançılarımız uğurlarını davam etdirəcəklər".

Beynəlxalq Cüdo Federasiyasının rəsmisi Nasir Əl Xamimi "Böyük dəbilqə"də iştirak etməkdən qürur duyduğunu vurğulayıb. O, Azərbaycan Cüdo Federasiyasına və idmançılara uğurlar arzulayıb.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev "Böyük dəbilqə" turnirini açıq elan edərək, güclülərin qalib gəlməsini arzulayıb.

Azərbaycan dövlət himninin səsləndirilməsindən sonra bədii hissə başlayıb. Bədii hissədə Bakının qədim və hazırkı görkəmini əks etdirən təsvirlər və sonda Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, azərbaycanlıyam" sözləri nümayiş etdirilib. Cüdo geyimli oğlanların rəqsi xalq artisti Mənsum İbrahimovun ifasında "Qarabağ" şikəstəsinə keçib. Lazer işıqları altında ukraynalı rəqqaslar digər rəqslər nümayiş etdiriblər.

Son xəbərlər

Orphus sistemi