Bakı. 16 mart. REPORT.AZ/ Sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandası apreldə keçiriləcək Dünya Kubokunun hazırlığını davam etdirir.
"Report"un məlumatına görə, məşqlər Olimpiya Güləş Mərkəzində davam etdirilir.
Yığma komandanın baş məşqçisi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında yığma komandanın bütün üzvləri təlim-məşq toplanışında iştirak edir. Bu gündən etibarən isə Gürcüstanın sərbəst güləşçiləri azərbaycanlı pəhləvanlarla birgə təlim-məşq toplanışına qoşulub.
16 idmançı ilə hazırlığa qatılan Gürcüstan yığmasının heyətində London Olimpiadasının gümüş mükafatçıları Vladimer Xinçeqaşvili (57 kq) və David Modzmanaşvili (125 kq) də var.
Birgə təlim-məşq toplanışı martın 28-dək davam edəcək.
Qeyd edək ki, sərbəst güləşçilər aprelin 11-də ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Dünya Kuboku yarışlarında iştirak edəcək. Yarış iki gün davam edəcək.