Azərbaycanlı Olimpiya çempionuna qarşı ciddi tədbir görüləcək

Azərbaycanlı Olimpiya çempionuna qarşı ciddi tədbir görüləcək Firdovsi Umudov: "Güləşmək istəmirsənsə, de ki, mən gedirəm"
Fərdi
5 Fevral , 2015 15:32
Azərbaycanlı Olimpiya çempionuna qarşı ciddi tədbir görüləcək

Bakı. 5 fevral. REPORT.AZ/ Sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərovla bağlı ciddi tədbir görüləcək. Bu barədə "Report"a Azərbaycan milli komandasının böyük məşqçisi Firdovsi Umudov məlumat verib. 

Onun sözlərinə görə, 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi 31 yanvar - 1 fevral tarixində Fransanın paytaxtı Parisdə keçirilən Qran Pridə 70 kq çəki dərəcəsində təsəlliverici görüşə çıxmaqdan imtina edib. O, ayağının ağrıdığını səbəb göstərərək, digər azərbaycanlı güləşçi Ruslan Dibirhacıyevlə qarşılaşmaq istəməyib. Amma həkim müayinəsi zamanı məlum olub ki, Əsgərovun heç bir zədəsi yoxdur. Onun imtinası səbəbindən Dibirhacıyev növbəti mərhələyə yüksəlib və yekunda bürünc medala yiyələnib. Olimpiya çempionuna təlim-məşq toplanışında olduğu kimi güləşməsi də təklif olunub. Amma Əsgərov yenə fikrindən dönməyib. 

Umudov bildirib ki, bu məsələ bir daha araşdırılacaq: "Biz onu Bakıda da həkimə göndərəcəyik, ayağının rentgen çəkilişini çıxaracağıq və gələn həftənin əvvəlində vəziyyətinə baxacağıq. Zədəli olmadığı sübuta yetirilsə, federasiya rəhbərliyi və məşqçilər heyətinin birgə qərarına əsasən, o, müəyyən qaydada cəzalanacaq. Hamı görməlidir ki, əsaslı səbəb olmadan güləşmək istəməyən şəxs cəzalandırılır".   

Umudov bildirib ki, nizam-intizama əməl etməyən güləşçi kimliyindən asılı olmayaraq, milli komandada yer almamalıdır: "Avropa, dünya və olimpiya çempionu olmusan, dövlətimiz və federasiya rəhbərliyi səni qiymətləndirib. Bu gün sən yeniyetmələrə, gənclərə nümunə olmalısan. Biz heç kimi məcbur etmirik. Güləşmək istəmirsənsə, de ki, karyeramı bitirdim, sağ olsun dövlətimiz, rəhbərlik, mən gedirəm. Yoxsa sən həm özünü, həm yığmanın məşqçilərini, həm federasiya rəhbərliyini, həm dövləti, həm də bütün idmansevərləri aldadırsan. Axı səndən hamı nəsə gözləyir. Şərif Şərifov da sənin kimi olimpiya çempionudur. Amma o, çıxdı, güləşdi və qalib oldu. 3 il əvvəl olimpiya çempionu olmusan. Amma papağını qabağına qoyub fikirləşmirsən ki, axı indi olimpiya çempionu olmamışam?"

Qeyd edək ki, bu, Toğrul Əsgərovun olimpiya çempionu olduqdan sonra ikinci yarışı idi. 

Son xəbərlər

Orphus sistemi