Azərbaycanlı atlet dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycanlı atlet dünya çempionatının finalına vəsiqə qazanıb Ramil Quliyev karyerasında ikinci dəfə dünya çempionatının finalına yüksəlib
Fərdi
26 Avqust , 2015 18:30
Azərbaycanlı atlet dünya çempionatının finalına vəsiqə qazanıb

Bakı. 26 avqust. REPORT.AZ/ Türkiyə millisində çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Çinin paytaxtı Pekində keçirilən dünya çempionatının finalına yüksəlib. "Report"un məlumatına görə, 25 yaşlı idmançı 200 metr məsafəyə qaçış üzrə yarımfinalda uğurlu çıxışı sayəsində buna nail olub.

O, Useyn Bolt (Yamayka), Key Takase (Yaponiya), Migel Frensis (Antiqua), Kenji Fujimutsu (Yaponiya), Anaso Jobodvana (CAR), Daniel Talbot (Böyük Britaniya) və Roberto Skyers (Kuba) ilə mübarizədə 20,10 saniyə nəticə göstərib. Quliyev yalnız Bolt (19,95) və Jobodvanadan (20,01) geri qalıb. Nəticədə hər 3 atlet sabah keçiriləcək həlledici mərhələyə vəsiqə qazanıb. Onların digər rəqibləri Jarnel Hyuz (Böyük Britaniya), Nikel Eşmid (Yamayka), Castin Qatlin (ABŞ), Alonso Edvard (Panama) və Femi Oqunode (Qətər) olacaq.

Quliyev karyerasında ikinci dəfə dünya çempionatının finalına vəsiqə qazanıb. Daha öncə o, Azərbaycan millisində çıxış etdiyi vaxt 2009-cu ildə Almaniyanın paytaxtı Berlində keçirilmiş mötəbər yarışın həlledici mərhələsində 7-ci yeri tutub. 2010-cu ildən gənc atlet Türkiyə bayrağı altında çıxış edir.

Qeyd edək ki, dünya çempionatında Azərbaycanı 5000 metr məsafəyə qaçış növündə təmsil edən Hayle İbrahimov və çəkicatma növündə yer alan Hanna Skidan seçmə mərhələdə zəif nəticə göstərərək finala yüksələ bilməyiblər.

Son xəbərlər

Orphus sistemi