Bakı. 19 noyabr. REPORT.AZ/ Cənubi Koreyanın Jeju şəhərində boks üzrə qadınlar arasında dünya çempionatı davam edir. "Report"un məlumatına görə, bu gün rinqə çıxan Azərbaycanın üç boksçusundan yalnız biri qələbə qazanıb.
Avropa çempionu Yelena Vıstropova (69 kq) Taypey nümayəndəsi Çhen Çhia-Çunu məğlub edib. Bu Y.Vıstropovanın dünya çempionatında ikinci qələbəsi olub. Boksçu ¼ finalda amerikalı Daniella Volfla qarşılaşacaq.
75 kq çəki dərəcəsində çıxış edən Leyla Cavadova isə Avstraliya təmsilçisi Françes Key Skotla döyüşdən məğlub ayrılıb.
Aynur Rzayeva (+81 kq) da dünya çempionatında ilk görüşdə rəqibinə uduzub. O, rusiyalı Zemfira Maqomedaliyeva ilə qarşılaşmanı sonadək davam etdirə bilməyib.
Noyabrın 20-də Azərbaycan boksçularından Anna Əlimərdanova (54 kq) irlandiyalı Mikaela Volşla, Yana Alekseyeva (60 kq) isə ukraynalı Yuliya Tsiplakova ilə qarşılaşacaq.