Azərbaycanın daha bir idmançısı Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın daha bir idmançısı Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb Valentin Demyanenko dünya çempionatında ilk "7-liy"ə düşməklə bu uğura imza atıb
Fərdi
22 Avqust , 2015 15:08
Azərbaycanın daha bir idmançısı Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycan kanoeçisi Valentin Demyanenko 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. "Report"un məlumatına görə, 32 yaşlı idmançı İtaliyanın Milan şəhərində keçirilən kayak və kanoe üzrə dünya çempionatında ilk "7-liy"ə düşməklə bu uğura imza atıb.

"Bakı 2015" I Avropa Oyunlarının gümüş mükafatçısı, 4 qat dünya və 4 qat Avropa çempionu 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə çıxış edib. Ona seçmə mərhələdə Suren Malxasyan (Yunanıstan), Kastilyo Kastaneda (Meksika), Ronni Ratya (Venesuela), Yuri Çeban (Ukrayna), Naoya Sakamoto (Yaponiya), Madumetya Fillemo Maema (CAR), Abraham Leo Ekiye (Nigeriya) və Vieqas de Seyta (San-Tome və Prinsipi) rəqib olub. Demyanenko yürüşü 40,518 saniyəyə tamamlayaraq 1-ci yeri tutub və yarımfinala yüksəlib.

Növbəti mərhələdə onun rəqibləri Keyruş Dos Santos (Braziliya), Tomas Simart (Fransa), Adel Mojallalimoğadam (İran), Oleq Tarnovski (Moldova), Karel Palma (Çexiya), Alvaro Torres (Çili), Spens Stuber Mehu (İndoneziya) və Suren Malxasyan (Yunanıstan) olub. Finişə 39,021 saniyəyə çatan Azərbaycan təmsilçisi yalnız Keyruş Dos Santosdan 0,160 saniyə geri qalaraq 2-ci yeri tutub və elə braziliyalı rəqibi ilə birgə finala vəsiqə qazanıb.

Bu gün keçirilən həlledici yürüşdə Demyanenko finişə 39,489 saniyəyə çataraq 6-cı yeri tutub. Belaruslu Artyom Kozır (38,605) qızıl, çinli Qianq Li (38,815) gümüş, braziliyalı Keyruş Dos Santos (38,915) bürünc medal qazanıb. Rusiyalı Aleksey Korovaşkov (39,089) 4-cü, litvalı Henrikas Juştauskas (39,105) 5-ci, macarıstanlı Yonatan Haydu (39,675) 7-ci, portuqaliyalı Elder Silva (39,805) 8-ci, ukraynalı Yuri Çeban (39,922) 9-cu yeri tutub.

Qeyd edək ki, bu, Azərbaycanın dünya çempionatında ikinci olimpiya lisenziyasıdır. Daha öncə qadınlar arasında 1 nəfərlik kayak qayığı ilə 500 metr məsafəyə yürüşdə İnnna Osipenko-Rodomska 5-ci yeri tutaraq ilk "7-liy"ə düşməsi səbəbindən 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi