Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının Çinin Çendu şəhərində baş tutan illik toplantısında iştirak edib.
"Report"un məlumatına görə, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edərək bir sıra ikitərəfli görüşlər keçirib.
İllik toplantıya dünyanın 151 yerli federasiyasının nümayəndələri qatılıblar. Tədbiri giriş sözü ilə açan Dünya Badminton Federasiyasının prezidenti Poul Erik Höyer bildirib ki, düynada badmintona maraq dayanmadan artmaqdadır.
Qurum rəhbəri qeyd edib ki, 2023-cü ildə dünya üzrə qeyd olunan 5 iyul - Badminton Günündə 60 ölkədə, 200-dən artıq tədbir keçirilib. Bu idman növü bütün qitələrdə inkişaf etməkdədir. Beynəlxalq İdman Federasiyaları üzrə Dünya Badminton Federasiyası ən çox izlənilən beş federasiya sırasındadır.
Qeyd edək ki, Azərbaycan Badminton Federasiyası həm dünya, həm də Avropa Badminton ailəsinin fəal tərəfdaşı hesab olunur. Ötən il Avropa Badminton Federasiyasının illik konqresi ilk dəfə ölkəmizdə keçirilib. 2025-ci ildə isə Bakı qarışıq komandalar arasında badminton üzrə Avropa çempionatına ev sahibliyi edəcək.