​Azərbaycan idmançıları Hərbçilərin VI Dünya İdman Oyunlarında daha 2 medal qazanıb

​Azərbaycan idmançıları Hərbçilərin VI Dünya İdman Oyunlarında daha 2 medal qazanıb Yunan-Roma güləşçisi Rafiq Hüseynov ilk qızıl medalın sahibi olub
Fərdi
9 Oktyabr , 2015 15:00
​Azərbaycan idmançıları Hərbçilərin VI Dünya İdman Oyunlarında daha 2 medal qazanıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycan idmançıları Hərbçilərin VI Dünya İdman Oyunlarında daha iki medal qazanıb. "Report"un məlumatına görə, medallardan biri qızıl, biri isə gümüşdür.

Qızıl medala yunan-Roma güləşçisi Rafiq Hüseynov (80 kq) sahib olub. İlk görüşdə Estoniyadan HardoTuts (8:2), ardınca Litvadan Julius Mateuzeviçus (4:0) xalçanı məğlub tərk edib. Yarımfinalda Ermənistan idmançısı Sargis Koçaryanla görüş də Hüseynovun qələbəsi (4:1) ilə nəticələnib. Finalda onun rəqibi Rusiya təmsilçisi Yevgeni Saleev olub. Azərbaycan pəhləvanı rəqibini ilk hissədə təmiz qələbə ilə məğlub edib. Bununla da Hüseynov "Bakı 2015" I Avropa Oyunlarının finalında uduzduğu Saleyevdən əvəz çıxıb. 

Taekvondoçu Ayğan Tağızadə isə "Bakı 2015"də əldə etdiyi qalib titulunun son anda əldən verib. O, finaladək ardıcıl olaraq Lorde Bernard Harkourtu 14:6, Edqar Kontrerası 9:2 və Klaudio Trevisonu 7:5 hesabı ilə məğlub edib. Həlledici görüşdə türk əsilli Almaniya təmsilçisi Hamza Kərim Adnanla döyüşə çıxan A.Tağızadə 5:9 hesabı ilə məğlub olub.

Bununla da Hərbçilərin VI Dünya İdman Oyunlarında Azərbaycanın aktivindəki medalların sayı 10-a çatıb. Daha öncə sərbəst güləş yarışlarında Coşqun Əzimov (70 kq) gümüş, Ağahüseyn Mustafayev (65 kq) bürünc medal qazanıb. Cüdoçulardan Vüqar Şirinli (60 kq) gümüş, Nicat Şıxəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq) və Elmar Qasımov (100 kq), eləcə də tərkibi onlardan və Tural Safquliyevdən (90 kq) ibarət komanda bürünc medal qazanıb. Taekvondoçu Radik İsayev (+87 kq) də bürünc medalla kifayətlənib. 

Son xəbərlər

Orphus sistemi