Azərbaycan döyüşçüsü Zabit Səmədov: "Mən Tokioda rinqin sahibi olacam" - VİDEO

Azərbaycan döyüşçüsü Zabit Səmədov: "Mən Tokioda rinqin sahibi olacam" - VİDEO "İndi mənim hazırlıq vəziyyətim ən yüksək səviyyədədir, ona görə də döyüş çox parlaq və yaxşı keçəcək"
Fərdi
20 Dekabr , 2014 16:07
Azərbaycan döyüşçüsü Zabit Səmədov: Mən Tokioda rinqin sahibi olacam - VİDEO

Bakı. 20 dekabr. REPORT.AZ/ "Mən Yaponiyaya yalnız qələbə üçün gedirəm və orada rinqin sahibi olacam. Hakimlərdə heç bir şübhə yeri qoymamaq üçün çalışacam ki, döyüşü vaxtından əvvəl qələbə ilə bitirəm". Bu barədə "Report"a dekabrın 29-da Yaponiya kikboksçusu Makoto Uexara ilə qarşılaşacaq tanınmış idmançı Z.Səmədov deyib. 

O, döyüşə hazırlıqla bağlı məlumat verərək bildirib ki, sonuncu məşqləri məşqçisi ilə birgə Minsk şəhərində keçirib: "Burada mənim K-1 versiyası üzrə çox yaxşı idmançılarla məşq döyüşlərim olub. Ayaqlarımda bəzi zədələr var, lakin bunlar o qədər də əhəmiyyətli deyil, ona görə də döyüş çox parlaq və yaxşı keçməlidir".

Z.Səmədov qeyd edib ki, əgər bu döyüşdə məğlub olsa, bu, heç də onun üçün faciə olmayacaq: "İli qələbə ilə başa vurmaq istəyirəm, lakin məğlubiyyət mənim üçün faciə olmayacaq. Bu döyüşdü və burada hər şey ola bilər". 

O, rəqibinin zəif və güclü cəhətlərindən danışaraq vurğulayıb ki, M.Uexaranın ən güclü cəhəti onun doğma divarlar arasında döyüşməsidir: "Mən müşahidə etmişəm ki, yaponiyalı döyüşçülər öz doğma divarları arasında rinqə çıxanda ona qalib gəlmək çox çətin olur. Ya ona nokautla qalib gəlmək lazımdır, ya da hakimlərdə heç bir şübhə yeri qoymamaq lazımdır. Bundan əlavə, M.Uexara sağ əli ilə çox güclü zərbələr endirir. Mən onun döyüş taktikasını dərindən öyrənmışəm və hesab edirəm ki, Yaponiyada reflekslərim mənə kömək edəcək". 

İdmançı gələcək planlarına da toxunub: "Gələn il fevralın 28-də növbəti görüşün keçirilməsi planlaşdırılır. Lakin bu görüşün detalları haqda danışmaq hələ tezdir". 

Qeyd edək ki, M.Uexara qara kəmər sahibidir və bu cür yarışlarda dəfələrlə iştirak edib. O, həmçinin Yaponiyada bir çox yarışların da qalibidir. 

"Mauqli" ləqəbli məşhur Azərbaycan idmançısı Zabit Səmədov isə öz sonuncu döyüşünü oktyabrın 16-da Dubayda keçirib və ağır keçən döyüşdə iranlı Cəfər Əhmədiyə xal hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi