Azərbaycan ağırlıqqaldıranı dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı dünya çempionatında bürünc medal qazanıb Valentin Xristov ABŞ-da fəxri kürsüyə yüksəlib
Fərdi
23 Noyabr , 2015 09:42
Azərbaycan ağırlıqqaldıranı dünya çempionatında bürünc medal qazanıb

Bakı. 23 noyabr. REPORT.AZ/ ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında Azərbaycan ağırlıqqaldıranı Valentin Xristov bürünc medal qazanıb. "Report"un məlumatına görə, 21 yaşlı idmançı birdən qaldırma hərəkətində üç yanaşmasından ikisini uğurla yerinə yetirib.

O, əvvəlcə 137, sonra isə 141 kq-lıq ştanqın öhdəsindən gəlib. Sonuncu olaraq sifariş verdiyi 143 kq-ı ram edə bilməsə də, Xristov bu hərəkətdə kiçik bürünc medala sahib çıxıb.

Təkanla qaldırma hərəkətində isə Xristov əvvəlcə 171 kq, sonra isə 176 kq-ı ram edə bilib. Son yanaşmasında Avropa rekordu olan 181 kq-ı qaldırmağa cəhd etsə də, uğursuz olub. Buna baxmayaraq, gənc ağırlıqqaldıran bu hərəkətdə də 3-cü ola bilib.

Toplamda 317 kq (141+176 ) nəticə göstərən Xristov yekun sıralamada 3-cü yeri tutaraq dünya çempionatının bürünc medalına yiyələnib.

Qeyd edək ki, Valentin Xristov bunadək 2012-ci il London Yay Olimpiya Oyunlarında bürünc medal qazanmaqla yanaşı, ikiqat Avropa çempionu, dünya çempionatının bürünc medalçısı, gənclər arasında dünya və dəfələrlə Azərbaycan çempionu, Avropa rekordunun 11 qat sahibi, bir çox beynəlxalq turnirlərin qalibi olub. Dünya çempionatında Azərbaycan milli komandasının daha bir üzvü çıxışını başa vurub. Qadınların mübarizəsində 53 kq çəki dərəcəsində Silviya Angelova 157 kq (67+90) nəticə ilə 34-cü yeri tutub.  

Son xəbərlər

Orphus sistemi