Azad Rəhimov Türk Universiadasının təşkili təklifini irəli sürüb

Azad Rəhimov Türk Universiadasının təşkili təklifini irəli sürüb Gənclər və idman naziri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında çıxış edib
Fərdi
4 Mart , 2016 15:33
Azad Rəhimov Türk Universiadasının təşkili təklifini irəli sürüb

 Bakı. 4 mart. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) gənclər və idman məsələlərinə məsul nazirlərin I iclası keçirilir. 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycanı iclasda gənclər və idman naziri Azad Rəhimov təmsil edir.

Tədbir Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında 2009-cu ildə Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə Toplantısında imzalanmış Naxçıvan Sazişi çərçivəsində təsis edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası), konkret layihələr vasitəsilə Türkdilli ölkələr və xalqları arasında əhatəli əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tutur.

Çıxışı zamanı A.Rəhimov Türk Şurası ölkələri arasında əməkdaşlığın daha da dərinləşdiyini, növbəti illərdə genişlənəcəyinə və yeni səviyyəyə yüksələcəyinə əminliyini bildirib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türkdilli Dövlət Başçılarının 2009-cu ildə Azərbaycanın qədim şəhəri olan Naxçıvanda keçirilən Zirvə Toplantısında yaradıldığını diqqətə çatdıran nazir hər iki xalqı ümumi tarix, mədəniyyət və birgə dəyərlərin birləşdirdiyini qeyd edib.

Nazir Türk Şurasının 2013-cü il avqustun 16-da Qəbələdəki Üçüncü Zirvə Toplantısında qəbul edilən qərarına əsasən Azərbaycanda “Birinci Türk Universiadası” və “Birinci Köçəri Oyunları”nın keçirildiyini xatırlayıb və bu oyunların Türkdilli dövlətlər arasında əməkdaşlığın və dostluğun daha da genişlənməsinə və dərinləşməsinə xidmət etdiyini bildirib: “Ümid edirik ki, cari ilin sentyabrında Qırğızıstanda keçirilməsi nəzərdə tutulan İkinci Köçəri Oyunlarının hazırlığı vaxtında və uğurla başa çatacaq. Azərbaycan bu oyunlarda böyük heyətlə iştirak edəcək”.

A.Rəhimov eyni zamanda 2016-cı ildə Gəncənin Avropanın Gənclər paytaxtı seçilməsini nəzərə alaraq Türk dünyası ölkələri gənclərinin “Gənclər Festivalı”nın məhz bu şəhərdə keçirilməsi təklifini də irəli sürüb.

Bu və növbəti illərdə Azərbaycanda keçirilə biləcək tədirlərdən danışarkən nazir deyib: “Gənclər Festivalı” ilə yanaşı, Şuranın protokolunun müxtəlif maddələrində göstərilən “Yay Gənclər Düşərgəsi” və gənclər sahəsi üzrə qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə “Gənclər Şurası”nın iclasının da Azərbaycanda keçirilməsini dəstəkləyirik. Həmçinin, Türk Universiadasının iki ildə bir əlifba sırası ilə bir dövlətdə keçirilməsini məqsədəuyğun hesab edirik. Bu baxımdan 2018-ci ildə bu oyunları Azərbaycanda təşkil edə biləcəyimizi qeyd edirəm”.

Eyni zamanda, nazir IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Türk Şurasının Gənclər və İdmandan məsul nazirlərinin II toplantısının 2017-ci ilin mayında Azərbaycanda keçirilməsi təklifini də irəli sürüb.

Son xəbərlər

Orphus sistemi