Yeni tikilmiş "Xankəndi" gəmisi Bakı Gəmiqayırma Zavodunda suya endirilib

Yeni tikilmiş "Xankəndi" gəmisi Bakı Gəmiqayırma Zavodunda suya endirilib Gəminin tikintisi hazırda 80% başa çatıb
Energetika
18 May , 2016 12:40
Yeni tikilmiş Xankəndi gəmisi Bakı Gəmiqayırma Zavodunda suya endirilib

Bakı. 18 may. REPORT.AZ/ “Xankəndi” adlı yeni sualtı tikinti gəmisi (STG) bu yaxınlarda Bakı Gəmiqayırma Zavodunun yanalma körpüsündə suya endirilib. Bu barədə "Report"a "Şahdəniz" konsorsiumundan məlumat verilib.

"Bu gəmi məxsusi olaraq nəhəng "Şahdəniz Mərhələ 2" işlənmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün layihələndirilib və inşa edilib. Bundan əvvəl gəminin iki iri gövdə seksiyası təhlükəsiz şəkildə Sinqapurdan Bakıya gətirilib və Bakı Gəmiqayırma Zavodunda inşası başa çatmış burun hissəsi ilə uğurla birləşdirilib. Gəminin tikintisi hazırda 80% başa çatıb. Bütövlükdə isə gəminin inşası 2017-ci ilin aprel ayında "Şahdəniz Mərhələ 2" layihəsi üzrə sualtı quraşdırma işlərinin başlanacağı vaxtadək hazır olmaq üçün plan üzrə irəliləyir. O vaxtadək “Xankəndi” qalan tikinti işlərinin başa çatması və istismar sınaqlarının aparılması üçün gəmiqayırma zavodunun yanalma körpüsündə qalacaq", - deyə konsorsiumdan bildirilib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel bildirib ki, Xəzər dənizindəki neft və qaz donanmasının yeni texnologiyalı ən müasir gəmisi olacaq “Xankəndi” suyun dərinliyi 550 metrədək olan hissələrdə Xəzərdə ilk dəfə dünya səviyyəli sualtı qurğular inşa etmək üçün layihələndirilib. Gəminin inşası tamamlandıqdan və istismar sınaqları bitdikdən sonra "Xankəndi" "Şahdəniz" yatağı sahəsinə aparılacaq və orada sualtı quraşdırma işlərinə başlayacaq.

Qeyd edək ki, “Xankəndi” gəmisi 2017-2027-ci illərdə "Şahdəniz Mərhələ 2" layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcək. 378 mln. dollar dəyərində olan “Xankəndi” gəmisi "DNV GL" şirkətinin (Norveç-Almaniya) təsnifat nəzarəti altında tikilib. Onun uzunluğu 155 metr, eni 32 metr, əsas göyərtəsi isə 13 metrdir. Gəminin 2,5 metr hündürlüyündə dalğalarda fəaliyyət göstərə bilmək üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün 900 tonluq əsas kranı, iki ədəd 18 nəfərlik dalğıc kapsulu sistemi, iki ədəd məsafədən idarə olunan aparatı, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası, 6 ədəd 4,4 MVt və 2 ədəd 3,2 MVt gücündə generatoru olan iki mühərrik bölməsi olacaq. Onun ümumi çəkisi 17 600 tondur və suya oturumu 6,5 metr olmaqla daşıma gücü 5 000 ton təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi