Yan Bredşou: "TAP üçün beynəlxalq maliyyə institutlarından vəsait cəlb ediləcək"

Yan Bredşou: "TAP üçün beynəlxalq maliyyə institutlarından vəsait cəlb ediləcək" TAP-ın icrası xərclərə ciddi nəzarətlə davam edəcək
Energetika
16 May , 2016 11:10
Yan Bredşou: TAP üçün beynəlxalq maliyyə institutlarından vəsait cəlb ediləcək

Bakı. 16 may. REPORT.AZ/ Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası layihəsinin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutları - Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Avropa İnvestisiya Bankından kredit cəlb ediləcək. "Report"un "Anadolu" Agentliyinə istinadən verdiyi xəbərə görə, bunu TAP-ın icraçı direktoru Yan Bredşou (Ian Bradshaw) bildirib.

Onun sözlərinə görə, eyni zamanda, TAP-ın maliyyələşməsində kommersiya tipli kreditorların da iştirakı nəzərdə tutulur: "Neft və qazın qiymətindəki dəyişiklik hər birimizi əməliyyatlar, podratçı və subpodratçılar üzrə xərclərə yenidən baxmağa vadar edib. TAP da fərqli deyil. Biz TAP-ı nümunəvi xərclərə nəzarətlə icra etməyə davam edəcəyik".

TAP-ın icraçı direktoru qeyd edib ki, TAP 45 mlrd. dollar dəyərində olan Cənub Qaz Dəhlizinin bir hissəsidir və o, qrafikə uyğun irəliləyir. Y.Bredşou əlavə edib ki, TAP-ın inkişafı tamamilə "Şahdəniz-2" layihəsinin qrafikinə uyğun irəliləyir. O xatırladıb ki, "Şahdəniz" konsorsiumu ilk qazın 2018-ci ildə Gürcüstan və Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılmasını planlaşdırır.

Konsorsium rəhbəri TAP layihəsinin dəyərinin bütün müqavilələr imzalandıqdan sonra tam aydınlaşacağını da əlavə edib: "TAP üzrə əsas strateji müqavilələrin imzalanmasına baxmayaraq, bir neçə yekun tender - SCADA və fiber-optik kabelin çəkilişi üzrə tender prosesi davam edir".

O, sabah Salonikidə keçiriləcək təməlqoyma mərasimindən də danışaraq bildirib ki, mayın 17-də Yunanıstanda təməlqoyma mərasiminin keçirilməsi bu layihəni reallaşmasında iştirak edənlərə bir təşəkkür olacaq: "TAP kimi böyük infrastruktur layihələri beynəlxalq əməkdaşlıq, siyasi iradə tələb edir. Təməlqoyma mərasimi bizim kollektiv cəhdlərimizin həyata keçirilməsinin qeyd olunmasıdır".

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoi ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. 

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəməri ilə bağlı layihəni seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km olacaq ki, bunun da 545 km-i Yunanıstan, 215 km-i Albaniya, 105 km-i Adriatik dənizi, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 metr), ən aşağı hissəsi isə (-820 metr) dənizin dibində olacaq.

İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi