​Xalik Məmmədov: "SOCAR-ın 67 min işçisi var"

​Xalik Məmmədov: "SOCAR-ın 67 min işçisi var" İndiyədək 240 nəfər SOCAR-ın xarici təqaüd proqramından yararlanıb
Energetika
6 Noyabr , 2015 10:39
​Xalik Məmmədov: SOCAR-ın 67 min işçisi var

Bakı. 6 noyabr. REPORT.AZ/ Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkə daxilindəki idarə və müəssisələrində ümumilikdə 55 min, xaricdəki müəssisələr və nümayəndəliklərində isə 12 min işçi çalışır. "Report" xəbər verir ki, bunu SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Bakıda keçirilən Neft-qaz Mühəndisləri Cəmiyyətinin II Xəzər texniki konfrans-sərgisində çıxışında bildirib.

X.Məmmədov qeyd edib ki, SOCAR-da yeridilən insan resursları siyasəti dünya təcrübəsinə əsaslanır: "Biz də insan kapitalından düzgün istifadə etmək, inkişaf etmək və yeni kadrlar cəlb etmək siyasəti yürüdürük. Meqalayihələr həyata keçirilir və bu layihələrdə kadr potensialı əhəmiyyətli rola malikdir. Həmçinin, mövcud kadr potensialından istifadə etməliyik".

Şirkət rəsmisi əlavə edib ki, bunun üçün 5 tədris mərkəzi yaradılıb və bu mərkəzlərdə 500-ə qədər təlim kursları təşkil olunub. X.Məmmədovun sözlərinə görə, təlim mərkəzləri modernləşdirilib və yaxşı nəticələr əldə olunub: "SOCAR-da insan resurslarının idarə olunması tam avtomatlaşdırılmış rejimdə, yeni işçilərin qəbulu tam şəffaf şəkildə həyata keçirilir. Qəbul prosesi bir neçə mərhələdən ibarətdir. Birinci mərhələdə test imtahanı keçirilir, sonra müsahibələr təşkil olunur və bu, imkan verir ki, yeni kadrların işə cəlb olunması şəffaf, ədalətli şəkildə həyata keçirilsin".

SOCAR-ın vitse-prezidenti şirkətin tələbələrə ayırdığı təqaüd proqramından danışaraq qeyd edib ki, ölkədəki universitetlərdən 10 il ərzində 20 minə yaxın tələbə bu proqramda iştirak edib və onların arasından ən yaxşı tələbələrə illik 1 000 manat məbləğində təqaüd verilib. O həmçinin bildirib ki, xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almaq istəyən tələbələrə də Şirkət tərəfindən təqaüd verilir və indiyədək 240 nəfər xarici təqaüd proqramından yararlanıb. Onun sözlərinə görə, hazırda 47 nəfər SOCAR-ın təqaüdü ilə xaricdə təhsil alır.

Son xəbərlər

Orphus sistemi