​WTI neftinin qiyməti "Brent"i üstələyib

​WTI neftinin qiyməti "Brent"i üstələyib "Report": Qiymətlər arasındakı spredin 10 dollara qədər artması mümkündür
Energetika
25 May , 2016 11:06
​WTI neftinin qiyməti Brenti üstələyib

Bakı. 25 may. REPORT.AZ/ WTI (Texas, ABŞ) markalı neftin qiyməti mayın 24-də "Brent" markalı neftin qiymətini ötüb. "Report" xəbər verir ki, buna səbəb ötən gün Amerika Neft İnstitutunun (APİ) 13-20 may tarixlərində ABŞ-da xam neft ehtiyatının azalması ilə bağlı açıqlaması olub. Belə ki, APİ-nin həftəlik hesabatına görə, xam neft ehtiyatları proqnozlaşdırılan 2 mln. barel azalmaya qarşı 5,137 mln. barel azalıb. Bu, dekabr ayından etibarən rekord göstərici olub. Qeyd edək ki, göstəricilərin proqnozlardan daha neqativ olmasını analitiklər korreksiya kimi təhlil etmək istəsələr də, ABŞ Enerji Departamenti (DoE) ehtiyatların ciddi şəkildə azaldığını bildirib. Göstəricilərin açıqlanmasından dərhal sonra Texas markalı neftin qiyməti "Brent" markalı neftə çatıb və onu az da olsa keçməyə müvəffəq olub. Hazırda WTI nefti 49,28 dollar/barel, "Brent" isə 49,23 dollar/barelə satılır.

"Report"un analitik qrupu hesab edir ki, ABŞ-da aktiv neft quyularının sayının azalması yaxın bir il ərzində ölkədə hasilatın düşməsinə səbəb olacaq ki, bu da WTI markalı neftin qiymətinin yüksək qalmasını təmin edəcək. Əksinə, OPEC və ona üzv olmayan "Brent" neftinin hasilatçısı olan ölkələrdə hasilatın artması eyni markalı neftin qiymətinin artmasını əngəlləyəcək. Bu ilin son rübünə qədər Texas markalı neftin qiymətinin 45-55 dollar, "Brent"in isə 40-50 dollar/barel diapazonunda satılacağı proqnozlaşdırılır. Texas markalı neftlə "Brent"in qiymətləri arasındakı spredin 10 dollara qədər artması mümkündür. Daha çox artması isə "Brent" markalı neftin ABŞ-a ixracını stimullaşdıraraq spredi daralda bilər.

Son xəbərlər

Orphus sistemi