Vitse-prezident Xalik Məmmədov: "SOCAR-ın gələcək üçün böyük planları var"

Vitse-prezident Xalik Məmmədov: "SOCAR-ın gələcək üçün böyük planları var" X.Məmmədov SOCAR-ın milli kadrların hazırlanmasında Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rolunu xüsusi qeyd edib
Energetika
15 Sentyabr , 2015 13:03
Vitse-prezident Xalik Məmmədov: SOCAR-ın gələcək üçün böyük planları var

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) gələcəkdə böyük planları var və bu planları həyata keçirəcək gənc mütəxəssislər yetişməlidir. "Report" xəbər verir ki, bunu bu gün SOCAR-ın təlim mərkəzlərində yeni tədris ilinin başlanması münasibətilə Qobustandakı Regional Təlim, Tədris və Sertifikatlaşdırma Mərkəzində keçirilən mərasimdə şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib. 

O qeyd edib ki, müəyyən sahələrdə çatışmazlıqlar var və bu, həll edilməli, gənclər ehtiyac olan sahələrə yönəldilməlidir. X.Məmmədov SOCAR-ın milli kadrların hazırlanmasında Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rolunu xüsusi qeyd edərək bildirib ki, burada yaradılan şərait keçmiş SSRİ ölkələrində yoxdur. Vitse-prezident "BP-Azerbaijan" şirkətinin SOCAR ilə təlim sahəsində əməkdaşlığından,SOCAR-ın xarici və daxili təqaüd proqramlarından da danışıb. 

Tədbirdə çıxış edən İdarənin tədrisin keyfiyyətinə nəzarət şöbəsinin rəis müavini Rəsul Hacıyev bildirib ki, SOCAR-ın təlim mərkəzlərində ümumilikdə 61 775 nəfər, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi 2011-ci ildə təsis olunandan sonra isə 53 852 nəfər təlimdən keçib. Onun sözlərinə görə, təlim mərkəzlərində 2005-2011-ci illərdə təlim keçmiş 70 şagird Heydər Əliyev Fondu tərəfindən göndərilən, uşaq evlərində böyümüş şagirdlər olub. Bu il isə onların sayı 7 nəfərdir. Onlar tədris müddətində gündəlik isti yemək və yataqxana ilə təmin olunacaqlar. O, builki qəbul prosesindən də danışaraq qeyd edib ki, bu il qəbul imtahanları iki mərhələdə keçirilib, 1-ci mərhələdə müsahibə aparılıb, müsahibədən uğurla keçən namizədlər test imtahanına buraxılıb. Test imtahanından uğurla keçən 247 nəfər gənc TTSİ-nin tələbəsi adına layiq görülüb. Onlar arasında 66 nəfər ali təhsillidir. 

Qeyd edək ki, bu il təlim mərkəzlərinə qəbul olunmuş 247 nəfər şagird 17 ixtisas - akkumlyatorçu, aparatçı", avtomatik idarəetmə sistemi üzrə operator, çilingər santexnik, əl ilə elektrik qaynaqçısı, elektrik qaz qaynaqçısı, karotaj stansiyasının maşinisti, plasmas qaynaqçısı, polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı, qablaşdırma üzrə operator, qaz paylayıcı stansiyasının operatoru, qaz qaynaqçısı, qazla kəsən, qazma qurğusunun maşinisti, takelajçı, təmirçi çilingər və texnoloji qurğuların operatoru ixtisasları üzrə təhsil alacaqlar. Bunlardan 125 nəfər 8 ixtisas üzrə Qobustan Regional Təlim Mərkəzində, 68 nəfər 5 ixtisas üzrə Sumqayıt TTM-də, 54 nəfər isə 4 ixtisas üzrə kadr hazırlığının təşkili mərkəzlərində təhsil alacaqlar.

Son xəbərlər

Orphus sistemi