Vaqif Əliyev: "TANAP-ın çəkilişində ləngimə yoxdur"

Vaqif Əliyev: "TANAP-ın çəkilişində ləngimə yoxdur" Kəmərin 230 km hissəsində borular qaynaqlanıb
Energetika
7 Yanvar , 2016 10:26
Vaqif Əliyev: TANAP-ın çəkilişində ləngimə yoxdur

Bakı. 7 yanvar. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qazı Türkiyəyə nəql edəcək Trans-Anadolu Boru Kəmərinin (TANAP) çəkilişində heç bir ləngimə yoxdur. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev ANS TV-yə müsahibəsində bildirib.

O qeyd edib ki, boru kəmərinin Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin Əskişəhər şəhərinə qədər olan 1 300 km hissəsinin 850 km-nin boruları istehsal olunub: "Borular daha çox Türkiyədə, bir qismi isə Çində istehsal olunur. Kəmərin boruları istehsal olunduğu müəssisələrdə xüsusi yoxlamalardan keçərək, təhvil verilir. TANAP üzrə 600 km-dən artıq sahənin yolu açılıb, 230 km hissədə borular qaynaqlanıb".

Sərmayələr İdarəsinin rəisi boru kəmərinin Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin iyun ayında təhvil veriləcəyini bildirib.

O, həmçinin qeyd edib ki, hazırda hətta tikintinin qrafikdən tez başa çatdırılması məsələsi gündəmdədir: "Türkiyənin baş naziri Əhməd Davudoğlunun Bakıya səfəri çərçivəsində Azərbaycan rəsmiləri ilə TANAP-ın qrafikdən tez təhvil verilməsi müzakirə olunub. Hazırda bu məsələ gündəmdədir. Çalışırıq ki, boru kəmərinin tikintisini qrafikdən əvvəl başa çatdıraq".

V.Əliyev layihənin əhəmiyyətindən danışaraq qeyd edib ki, TANAP regionun ən böyük infrastuktur layihəsi olmaqla yanaşı, dünyada da miqyasına görə ən böyük infrastruktur layihəsidir: "Layihə ciddi hazırlıq işlərindən sonra həyata keçirilməyə başlanıb. TANAP Cənub Qaz Dəhlizi layihəsinin çox vacib seqmentlərindən biridir. Bu tipli layihələrin həyata keçirilməsi çox ciddi hazırlıqlar tələb edir, minlərlə məsələnin çözümündən keçir. TANAP-ın uzunluğu 1 850 km, diametri isə 56 düymdür. Təcrübədə 56 düymdən böyük diametrdə boru kəmərinin çəkilişinə təsadüf olunmur. Bu, Türkiyənin tam qar ilə örtülmüş dağlıq hissəsindən ovalıq hissəsinə qədər müxtəlif relyeflərdən keçəcək boru kəməridir".

"Gürcüstan-Türkiyə sərhəddindən Əskişəhər şəhərinə qədər olan hissə - 1 300 km - 56 düym diametrindədir, buradan Yunanıstan-Türkiyə sərhəddinə qədər olan hissənin diametri isə 48 düym olacaq", - deyə V.Əliyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi