Vaqif Əliyev: "İran qazının TANAP-la daşınması yalnız siyasi səviyyədə müzakirə olunur"

Vaqif Əliyev: "İran qazının TANAP-la daşınması yalnız siyasi səviyyədə müzakirə olunur" Türkiyəyə müxtəlif mənbələrdən əlavə qaz həcmlərinin gətirilməsi üzərində layihələr işlənilir
Energetika
7 Yanvar , 2016 11:35
Vaqif Əliyev: İran qazının TANAP-la daşınması yalnız siyasi səviyyədə müzakirə olunur

Bakı. 7 yanvar. REPORT.AZ/ "İran qazının Trans-Anadolu Boru Kəməri (TANAP) ilə daşınması barədə müxtəlif siyasi görüşlərdə müzakirələr aparılır. Amma bu məsələ ticari mərhələyə keçməyib". 

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev ANS TV-yə müsahibəsində bildirib: "Bu, Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının ikinci mərhələsindən hasil olunan qazın Türkiyəyə, buradan da Avropaya ixracı üçün nəzərdə tutulan layihədir. Kəmərin ilkin mərhələdə illik ötürücülük qabiliyyəti 16 mlrd. kubmetr olacaq".

O qeyd edib ki, TANAP layihəsi birbaşa olaraq Azərbaycan qazının Türkiyəyə ixracına imkan yaradacaq bir sistemdir.

V.Əliyev bildirib ki, Türkiyəyə Azərbaycan qazının, yaxud qonşu mənbələrdən qazın ixracının təmin olunması üçün TANAP kəmərinin gücünün 16 mlrd. kubmetrdən 31 mlrd. kubmetrə qədər artırılması mümkündür.

Onun sözlərinə görə, bu, texniki olaraq Türkiyəyə yeni qaz həcmlərinin çatdırılmasına imkan verə biləcək göstəricidir: "Bu gün Azərbaycan Türkiyəyə əlavə həcmdə qaz verə bilərmi?" sualına gəlincə isə bugünkü siyasi durum Rusiya-Türkiyə münasibətlərinə müəyyən gərginlik gətirib. Amma mən bu sahənin mütəxəssisi olaraq Türkiyədə hər hansı qaz probleminin yaşandığını oxumamışam".

"Türkiyədə müxtəlif qaz mənbələrindən ölkəyə əlavə qaz həcmlərinin gətirilməsi üzərində zaman-zaman layihələr işlənilir və alternativlərə baxılır. Bizim böyük miqdarda qaz həcmlərimiz uzunmüddətli sazişlər çərçivəsində artıq ixrac olunur. Mövcud sistemimiz Türkiyəyə qaz çatdırmağa imkan verir. İmkan daxilində bu məsələlərin həllini tapmağa çalışılacaq", - deyə V.Əliyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi