​Tullantı Mərkəzinin Genişləndirilməsi layihəsi ilə bağlı ictimaiyyətlə görüş keçirilib

​Tullantı Mərkəzinin Genişləndirilməsi layihəsi ilə bağlı ictimaiyyətlə görüş keçirilib Tədbirdə hökumət, QHT və yerli icmaların nümayəndələri iştirak ediblər
Energetika
1 İyul , 2015 11:05
​Tullantı Mərkəzinin Genişləndirilməsi layihəsi ilə bağlı ictimaiyyətlə görüş keçirilib

Bakı. 1 iyul. REPORT.AZ/ İyunun 30-da Qaradağ rayonu, Səngəçal qəsəbəsinin Mədəniyyət evində rayon ərazisində yerləşən Tullantı Mərkəzinin Genişləndirilməsi layihəsi ilə əlaqədar hazırlanmış Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədi üzrə ictimai rəyin öyrənilməsi məqsədilə ictimai dinləmə keçirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Dinləmə zamanı SOCAR-ın fəaliyyət sahələrində formalaşan müxtəlif növlü istehsalat tullantılarının müasir ekoloji tələblərə uyğun idarə olunmasının təşkili, Tullantı Mərkəzinin Genişləndirilməsi layihəsinin konsepsiyası və məqsədi, Mərkəzdə quraşdırılması nəzərdə tutulan qurğu və avadanlıqlar, onların texniki göstəriciləri və xüsusiyyətləri, layihənin ətraf mühitə təsirlərinin qiymətləndirilməsi barədə tədbir iştirakçılarına məlumat verilib.

Daha sonra Ekologiya İdarəsinin nümayəndələri Tullantı Mərkəzinin Genişləndirilməsi layihəsi ilə əlaqədar hazırlanmış ƏMTQ sənədinin məqsədi, bu sahədə yerli və beynəlxalq qanunvericilik, layihə ərazisində həyata keçirilmiş ilkin ekoloji tədqiqatlar, analitik ölçmələr, layihə ərazisinin flora və faunası, radioekoloji vəziyyət, ekoloji həssas ərazilər, layihənin icrası ilə əlaqədar ətraf mühitə potensial təsirlər və onların yumşaldılması tədbirləri, o cümlədən ətraf mühitin idarə edilməsi və monitorinq planı barədə təqdimatlar keçiriblər.

ƏMTQ layihəsi ilə əlaqədar müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə üzrə rəy və təkliflər öyrənilib. Qeyd olunub ki, ictimai dinləmələr zamanı ƏMTQ sənədi ilə əlaqədar iştirakçılar tərəfindən irəli sürülmüş rəy və təkliflər nəzərə alınmaqla sənədin yekun variantı hazırlandıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə təqdim ediləcək.

Xatırladaq ki, ictimai dinləmələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BP şirkəti, SOCAR-ın baş ofisi, Ekologiya İdarəsi, "Neftqazelmitədqiqatlayihə” İnstitutu, layihənin əhatə etdiyi rayon üzrə yerli icra orqanlarının və bələdiyyələr, hökumət və qeyri-hökumət təşkilatları, o cümlədən yerli icmaların nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi