​"Total" şirkəti gələn ildən "Abşeron"da hasil etdiyi təbii qazın dünya bazarına çıxarılmasına çalışır

​"Total" şirkəti gələn ildən "Abşeron"da hasil etdiyi təbii qazın dünya bazarına çıxarılmasına çalışır "Total"in inkişaf üzrə meneceri Erik Meyer: "Chevron"un bu yataqda əldə edə bilmədiyinə biz 7 il sonra nail olduq"
Energetika
20 Noyabr , 2014 15:18
​Total şirkəti gələn ildən Abşeronda hasil etdiyi təbii qazın dünya bazarına çıxarılmasına çalışır

Bakı. 20 noyabr. REPORT.AZ/ "Total" şirkəti "Chevron"un kəşfiyyat işlərinə başladığı, lakin uğursuzluq üzündən imtina etdiyi "Abşeron" qaz-kondensat yatağında uğur əldə edib. "Report"un məlumatına görə, bunu bu gün Bakıda başlayan II Azərbaycan və Xəzər dənizi Neft-Qaz Həftəsi çərçivəsində keçirilən tədbirdə çıxış edən "Total"in inkişaf üzrə meneceri Erik Meyer (Eric Meyer) bildirib.

Onun sözlərinə görə, "Abşeron" qaz-kondensat yatağının ümumi uzunluğu 22,3 km-dir: "Abşeron" yatağı 22 km sahildən aralıdır. İlk tədqiqatları 2002-ci ildə "Chevron" aparıb. Amma onlar uğursuzluqla üzləşdikləri üçün işləri Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təhvil veriblər. "Total" 2009-cu ildə SOCAR-la müqavilə bağlayıb. Süxurların digər hissəsində qazma işləri apardıq və istədiyimizə nail olduq. Burada SOCAR-ın 40%, "GDF & SUEZ"in isə 20% payı var. Bu yataqla birləşən iki ixrac və bir idxal xəttimiz var, burada 4 üfüqi quyu qazmışıq".

E.Meyerın fikrincə, yataqda quraşdırılan platforma digər yataqların kəşfyyatı üçün istifadə edilən platformalardan daha yüngüldür və 600 metr dərinliyə qədər quraşdırılıb: "Platformanın üst səthi 24x24 metr ölçüdədir, quru şəkildə ümumi çəkisi 4 400 tondur. Məhz Səngəçalın, daha dəqiq desək, orada fəaliyyət göstərən BP-nin fəaliyyətinə mane olmamaq üçün birbaşa sahilə çıxış əldə etdik. Həmçinin platforma quraşdırmazdan öncə dalğaların sürətini və gücünü ölçdük. İlkin mərhələdə platforma 100 metrdə quraşdırılmalı idi, amma ümumilikdə 200-600 metr dərinlikdə işlər aparmaq üçün bu platformanı qurmalı idik. Həmçinin aerokosmik şəkillər çəkərək ərazinin 3D formatını çəkdik. Bununla yanaşı, sualtı qayıq vasitəsilə dəniz dibinin topoqrafiyasını həyata keçirdik".

"Total"in OGPC (Neft-Qaz və Neft-Kimya Kompleksi) layihəsində iştirak etmək istədiyini deyən şirkət rəsmisi əsasən sinerji layihələri reallaşdırmaq fikrində olduqlarını etiraf edib: "Biz OGPC layihəsi çərçivəsində də işlər görməyə çalışırıq. Bu barədə danışıqlar aparılır. Əsasən sinerji layihələri reallaşdırmaq fikrindəyik. Həmçinin OGPC layihəsi üçün topoqrafik araşdırmalar aparmağa çalışırıq. Bu tipli araşdırmalar BP-yə də lazım olduğu üçün onlar da bizə qoşulub. Həmçinin gələn ildən hasil etdiyimiz qazın da dünya bazarına çıxarılmasına çalışırıq" - deyə, "Total"in meneceri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi