​"Total" şirkəti Şimal dənizindəki təcrübəsindən Azərbaycanda istifadə edəcək

​"Total" şirkəti Şimal dənizindəki təcrübəsindən Azərbaycanda istifadə edəcək "Total" şirkəti sahildən elektrik enerjisi ilə təchizat üsulunu "Abşeron" yatağında da tətbiq edəcək
Energetika
5 Noyabr , 2015 16:22
​Total şirkəti Şimal dənizindəki təcrübəsindən Azərbaycanda istifadə edəcək

Bakı. 5 noyabr. REPORT.AZ/ Fransanın "Total" şirkəti Norveçin Şimal dənizindəki "Martin Linge" yatağında tətbiq etdiyi sahildən elektrik enerjisi ilə təchizat üsulunu Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağında da tətbiq edəcək. "Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən Neft-qaz Mühəndisləri Cəmiyyətinin II Xəzər texniki konfrans-sərgisində çıxışında "Total" şirkətinin nümayəndəsi Eduard Tibo bildirib.

E.Tibo qeyd edib ki, "Abşeron" yatağında platformanın elektriklə təchizatı üçün texniki baxımdan hər hansı problem yoxdur: "Elektrik təchizatı Səngəçal terminalından həyata keçiriləcək. Buradakı elektrik stansiyası yaxşı vəziyyətdədir və qiymətlər də uyğundur. Elektrik stansiyasının quruda yerləşməsi daha rahatdır".

Qeyd edək ki, "Martin Linge" qaz yatağına elektrik enerjisi sahildə yerləşən elektrik stansiyasından 170 km uzunluğunda sualtı kabel vasitəsilə çatdırılır. Bu, dünyada neft-qaz yatağına çəkilən ən böyük sualtı kabeldir. "Total" yataqda 2017-ci ildə hasilata başlamağı planlaşdırır.

"Abşeron" qaz-kondensat yatağı isə Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. Yatağın sahəsi 260 kv. km təşkil edir. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) geoloqlarının qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir. "Abşeron" layihəsində "Total" (operator, 40%), SOCAR (40%) və "Engie" (əvvəlki "Gaz De France Suez", 20%) iştirak edir. Bu ilin sonuna kimi yatağın işlənməsi proqramının Azərbaycan hökumətinə təqdim olunması planlaşdırılır. "Abşeron" yatağında ilk kəşfiyyat quyusunun 2017-ci ilin əvvəlində qazılmağa başlanılacağı, yatağın işlənməsi üzrə yekun investisiya qərarının veriləcəyi gözlənilir. Yataqdan ilk qaz hasilatına isə 2021-ci ilin sonu 2022-ci ilin əvvəlində başlanılacaq.

Son xəbərlər

Orphus sistemi