TANAP-ın 480 km hissəsində qaynaq işləri tamamlanıb

TANAP-ın 480 km hissəsində qaynaq işləri tamamlanıb İndiyədək 900 km əraziyə borular daşınıb
Energetika
4 May , 2016 14:02
TANAP-ın 480 km hissəsində qaynaq işləri tamamlanıb

Bakı. 4 may. REPORT.AZ/ Bu günədək Azərbaycan qazını Türkiyə və buradan Avropaya nəql edəcək Trans-Anadolu Boru Kəmərinin (TANAP) 900 km hissəsinə borular daşınıb. "Report"un "Anadolu Agentliyi"nə istinadən verdiyi xəbərə görə, bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.

S.Düzyol qeyd edib ki, boru kəmərinin Türkiyə-Gürcüstan sərhədindən Əskişəhər çıxış nöqtəsinə qədər olan 56 düymlük, 1 334 km uzunluğundakı hissənin 480 km-də borular qaynaqlanıb. O, layihə çərçivəsində indiyə qədər 4,5 mlrd. dollar dəyərində müqavilələrin imzalandığını xatırladıb.

TANAP-ın baş direktoru dünya bazarında neftin qiymətinin ucuzlaşmasının TANAP-a müsbət təsir etdiyini qeyd edib: "Dünyada baş verən iqtisadi durğunluq və neftin qiymətindəki ucuzlaşmaya görə bir çox ölkədə neft-qaz sektorunda sərmayələrin kəskin azalması TANAP layihəsinə əlverişli imkan yaradır. Bu layihəyə investisiya qərarı aldıqda investisiyanın 11,7 mlrd. dollar olacağını hesablamışdıq. İndi isə layihənin xərcləri 2,5 mlrd. dollar azalaraq, 9,2 mlrd. dollar təşkil edir".

Qeyd edək ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Eskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını "BOTAŞ" şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km-lik hissəsi Mərmərə dənizindən keçəcək.

Xatırladaq ki, TANAP layihəsində SOCAR-ın 58%, "BOTAŞ"ın 30%, BP-nin 12% payı var.

Son xəbərlər

Orphus sistemi