Bakı. 1 dekabr. REPORT.AZ/ Norveçin "Statoil" şirkəti Trans-Adriatik boru kəməri (TAP) layihəsindəki 20% payını İtaliyanın "Snam" qaz infrastruktur şirkətinə satır. "Report" xəbər verir ki, bu barədə "Statoil" şirkətinin saytında məlumat yayılıb.
Məlumata görə, alqı-satqı əməliyyatının məbləği 208 mln. avro təşkil edir. Əməliyyatın ilin sonuna kimi yekunlaşması nəzərdə tutulur.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" çərçivəsində hasil olunan qaz Avropaya nəql olunacaq.
Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərasizində TANAP kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. İlk Azərbaycan qazının 2019-cu ilin sonu 2020-ci ilin əvvəlində Avropaya çatdırılması planlaşdırılır.
TAP layihəsində BP (20%), SOCAR (20%), "Statoil" (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri iştirak edir.