​"Star" zavodu "Petkim Holding"ə ildə əlavə 150 mln. dollar qazandıracaq

​"Star" zavodu "Petkim Holding"ə ildə əlavə 150 mln. dollar qazandıracaq Nəqletmə xərclərinin azalması hesabına "Petkim"in illik qənaəti 50 mln. dollar olacaq
Energetika
1 Sentyabr , 2015 12:16
​Star zavodu Petkim Holdingə ildə əlavə 150 mln. dollar qazandıracaq

Bakı. 1 sentyabr. REPORT.AZ/ Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsindəki "Petkim" yarımadasında inşa edilən "Star" neft emalı zavodu istifadəyə verildikdən sonra müəssisənin əsas tərəfdaşı olan "Petkim" neft-kimya holdinqinin illik gəliri 150 mln. ABŞ dollarına qədər artacaq.

"Report"un xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə qurumu "SOCAR Turkey" şirkətinin baş icraçı direktoru Kənan Yavuz bildirib: "Emal zavodundan "Petkim"ə nafta satılacaq. Naftanın satışı dünya bazarındakı qiymətlərlə həyata keçiriləcək. Burada "Petkim"in üstünlüyü daşıma xərclərinin olmaması ilə bağlıdır. Bu xərclər olmadıqda isə "Petkim"in hər 1 tona 30 dollar qənaəti olacaq. İllik qənaət isə 50 mln. dollar həcmində qiymətləndirilir. Bu, həm də"Star" zavodunun etdiyi qənaətdir".

K.Yavuz qeyd edib ki, digər xərclər də nəzərə alınarsa, "Star" zavodu istehsala başladıqdan sonra "Petkim" qənaət hesabına ildə əlavə olaraq 150 mln. dollar qazanacaq.

Qeyd edək ki, "Petkim" yarımadası Türkiyənin sənaye sahəsində strateji əhəmiyyətə sahib investisiya mərkəzidir. SOCAR 2008-ci ildə "Petkim Holding"in 51%-lik hissəsini 2,04 mlrd. dollar müqabilində Türkiyə dövlətindən blok halında, daha sonra, 2012-ci ildə dövlətdə qalan 10%-lik hissəni də 168 mln. dollara alıb.

Tikintisi davam edən"Star" neft emalı zavodunun inşası layihəsinin ümumi investisiya dəyəri 5,6 mlrd. dollar təşkil edir. İnvestisiya məbləğinin 2,4 mlrd. dolları SOCAR-ın öz resurslarından təmin edilir. Qalan 3,2 mlrd. dollar isə xarici banklar tərəfindən maliyyələşdirilir.

"Star" zavodunun artıq 2018-ci ildə istehsalata başlaması gözlənilir.

Son xəbərlər

Orphus sistemi