SOCAR Xəzərdəki yataqlarda ekoloji monitorinqlərə başlayıb

SOCAR Xəzərdəki yataqlarda ekoloji monitorinqlərə başlayıb “Neft Daşları”, “Palçıq Pilpiləsi”, “8 Mart” və “Səngəçal-Duvvanı-Xərə-Zirə” yataqlarında artıq monitorinq həyata keçirilib
Energetika
16 Sentyabr , 2015 18:17
SOCAR Xəzərdəki yataqlarda ekoloji monitorinqlərə başlayıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsi Xəzər dənizinin milli sektorundakı SOCAR-a məxsus neft-qaz yataqlarında payız mövsümü ilə əlaqədar ekoloji monitorinqlərə start verib.

"Report" şirkətə istinadən xəbər verir ki, bu məqsədlə bu ay Departamentin ekoloji tədqiqatlar ekspedisiyası tərəfindən “Neft Daşları”, “Palçıq Pilpiləsi”, “8 Mart” və “Səngəçal-Duvvanı-Xərə-Zirə” yataqlarında “MPK-452” gəmisi vasitəsi ilə ətraf mühitin vəziyyətinin monitorinqi həyata keçirilib.

Monitorinqlər zamanı layihə üzrə seçilmiş hər bir stansiyada Niskin tipli batometr vasitəsilə su nümunələri götürülüb, gəminin laboratoriyasında “Professional Plus” çoxrejimli analitik cihaz vasitəsilə həmin nümunələrdə hidrogen ionlarının qatılığı, oksigenin miqdarı, suyun duzluluğu, elektrik keçiriciliyi və temperaturu təyin olunub.

Bundan başqa, bioloji tədqiqatlar üçün dəniz dibindən çöküntülər və bentos nümunələri, eləcə də dəniz suyundan fitoplankton və zooplankton nümunələri götürülüb, qablaşdırılıb və Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilib. Monitorinq zamanı stansiyalarda dəniz axınlarının sürət və istiqaməti müasir tipli “3D-ACM-7000” cihazı ilə ölçülüb. Hazırda ekoloji monitorinq işləri digər dəniz yataqlarında da davam etdirilir.

Son xəbərlər

Orphus sistemi